"OMV Petrom" və "Romgaz" şirkətləri Rumıniya sahillərində, Qara dənizdə yerləşən "Neptun Deep" təbii qaz yatağının işlənməsi üçün dəniz hasilat platformasının quraşdırılmasını başa çatdırıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Romania Insider" məlumat yayıb.
Layihənin qaz ehtiyatları təxminən 100 milyard kubmetr həcmində qiymətləndirilir.
"Neptun Deep" layihəsinə "Domino" və "Pelican South" qaz yataqları daxildir. Layihə çərçivəsində 10 hasilat quyusu, üç sualtı hasilat sistemi, dəniz emal platforması, Konstansa limanının cənubunda yerləşən Tuzla şəhərinə uzanan ixrac boru kəməri və qaz ölçmə stansiyası inşa edilir.
Layihənin əsas məqsədi Rumıniyanı Avropa İttifaqının ən böyük təbii qaz istehsalçısına çevirməkdir. Qaz hasilatına 2027-ci ildə başlanılması nəzərdə tutulur.
"Neptun Alpha" hasilat platforması Qara dənizdə dəniz səviyyəsindən təxminən 120 metr dərinlikdə quraşdırılıb.
Çəkisi 16 500 tondan çox, hündürlüyü isə 225 metrdən artıq olan platforma dünyanın ən böyük yarımdalma tipli kran gəmilərindən biri hesab edilən "Saipem 7000" vasitəsilə yerləşdirilib.
Hazırda layihə çərçivəsində nəzərdə tutulan 10 quyudan altısının qazılması tamamlanıb. Bundan əlavə, platformanı sahillə birləşdirən 160 kilometrlik boru kəmərinin tikintisi də başa çatıb.
Hazırda bütün dəniz infrastrukturu elementlərinin birləşdirilməsi üçün sualtı boru xətləri və çevik boruların quraşdırılması işləri davam edir. Bu mərhələdən sonra 2027-ci ildə planlaşdırılan hasilatın başlanmasına hazırlıq məqsədilə genişmiqyaslı sınaqlar keçiriləcək.
Təxminən iki Eyfel qülləsinin çəkisinə bərabər olan 16 500 tonluq dəniz qurğusunun quraşdırılması mürəkkəb mühəndislik əməliyyatı hesab olunur.
Platformanın dayaq konstruksiyası dənizin dibinə diametri iki metrdən artıq olan səkkiz dirəyin vurulması ilə bərkidilib. Platformanın üst hissəsi tam avtomatlaşdırılıb və məsafədən idarə oluna bilir.
Yaxın vaxtlarda layihənin növbəti mərhələsinə başlanacaq. Bu mərhələdə hasilat quyularının qazılması davam etdiriləcək, sualtı infrastruktur tam inteqrasiya olunacaq, dəniz obyektləri əsas nəqliyyat boru kəmərinə qoşulacaq və sistemin kompleks sınaqları həyata keçiriləcək.
Enerji eksperti Maksim Qardusun sözlərinə görə, "Neptun Deep" son illərdə Avropa İttifaqında həyata keçirilən ən iri yeni qaz layihəsidir.
Layihə Rumıniyanın dövlət şirkəti "Romgaz" və Avstriyanın "OMV" qrupuna daxil olan "OMV Petrom" tərəfindən həyata keçirilir.
Təxminən 100 milyard kubmetr həcmində qiymətləndirilən ehtiyatlar Mərkəzi Avropanın illik qaz istehlakını üstələyir.
Perspektivdə "Neptun Deep" Macarıstanın qaz tələbatının bir hissəsini də ödəyə bilər ki, bu da Budapeştin Rusiya qazından asılılığını əhəmiyyətli dərəcədə azaltmağa imkan verə bilər.
Aydın
Şərhlər