Yaponiyanın cənubunda yerləşən Miyazaki prefekturasının 100 mindən çox sakini "Haishen” tufanına görə təxliyə xəbərdarlığı alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə bazar günü NHK telekanalı məlumat yayıb. Bildirilir ki, təxliyə barədə xəbərdarlıq Hyuqa və Kobayaşi şəhərlərinin sakinlərinə göndərilib. Bununla yanaşı, Okinava prefekturasındakı bir neçə min ev elektrik xətləri qırıldığına görə enerjisiz qalıb.
Eyni zamanda, tufana görə 550 daxili reysin təxirə salındığı da qeyd olunur. "JR West” şirkəti isə sentyabrın 7-də sürətli "Shinkansen” qatarlarının ölkənin qərbinə və cənub-qərbinə səfərlərinin dayandırılması barədə qərar qəbul edib.
Hazırda "Haishen” tufanının Sakit okean üzərindən Okinava prefekturası istiqamətində hərəkət etdiyi bildirilir.
Sentyabrın 4-də hökumətin fövqəladə iclasını keçirən Baş Nazir Şinzo Abe yerli sakinlərin mühafizəsi üçün lazım olan bütün tədbirlərin görülməsi barədə göstəriş verib.