ABŞ-ın Oreqon ştatında keçirilən tamaşa zamanı təxminən 4,5 metr hündürlükdən yıxılaraq ağır xəsarət alan rus akrobat Mariia Konfektova təhlükəsizlik tədbirlərinin yetərsiz olduğunu iddia edərək “Günəş Sirki”nə qarşı 16,75 milyon dollarlıq təzminat iddiası qaldırıb.
Qaynarinfo “The Independent”ə istinadən xəbər verir ki, Konfektova 24 avqust 2024-cü ildə Portland Expo Center-də “Günəş Sirki”nin “Kooza” tamaşası zamanı hava halqasındakı hərəkətlər arasında keçid etdiyi vaxt təxminən 4,5 metr hündürlükdən səhnəyə düşüb.
Qəza nəticəsində akrobatın üzündə ən azı 7 sümük, həmçinin kəllə, bilək və bel nahiyələrində olmaqla ümumilikdə 11 sümüyü sınıb. O, həmçinin beyin silkələnməsi keçirib və ikiqat görmə problemi yaşayıb.
Konfektova qəzanın uzunmüddətli sağlamlıq problemlərinə səbəb olduğunu və gələcəkdə keçirməli olduğu əməliyyatlar səbəbindən peşəsinə tam şəkildə qayıda bilmədiyini bildirib.
Akrobatın məhkəməyə təqdim etdiyi iddiada tamaşa zamanı mümkün yıxılmaların qarşısını almaq və ya onların təsirini azaltmaq üçün kifayət qədər təhlükəsizlik döşəkləri, torlar və digər qoruyucu sistemlərin olmadığı bildirilir.
Qəzanın şahidi Benjamin Goldstein isə əvvəlcə yıxılmanın tamaşanın bir hissəsi olduğunu düşündüyünü deyib. Onun sözlərinə görə, hadisədən sonra sirkin 10-12 nəfərdən ibarət təcili yardım qrupu səhnəyə çıxaraq akrobata müdaxilə edib.
Oreqon Əməyin Təhlükəsizliyi və Sağlamlığı İdarəsinin (OSHA) araşdırmasında Konfektovanın hava halqasındakı hərəkətlər arasında keçid etməyə çalışarkən yıxıldığı bildirilib. Hesabatda akrobatın düşdüyü səthin zərbəni azaltmaq qabiliyyətinə malik olduğu qeyd edilib.
OSHA müəyyən etdiyi təhlükəsizlik pozuntularına görə “Günəş Sirki”nə 8 min 70 dollar məbləğində cərimə tətbiq edib. Şirkətin cərimə ilə bağlı etiraz prosesinin davam etdiyi bildirilir.
Konfektova qəza baş verməzdən əvvəl istifadə etdiyi halqanın çəkisi və tamaşadakı qurğunun vinç sistemi ilə bağlı təhlükəsizlik narahatlıqlarını rəhbərliyə çatdırdığını iddia edib. Məhkəməyə təqdim olunan iddia ərizəsində akrobatın qəzadan sonra şirkət tərəfindən işdən çıxarıldığı da qeyd olunub.
Konfektova 2021-ci ildə Çinin Çjuhay şəhərində 30 saniyə ərzində hava halqasında 75 oturaq fırlanma hərəkəti edərək “Ginnesin rekordlar kitabı”na düşüb.
Lakin akrobat qəza nəticəsində yaranan sağlamlıq problemlərinin karyerasına ciddi təsir etdiyini bildirir. O, müalicə və gələcək əməliyyatlar səbəbindən peşəsinə əvvəlki kimi davam edə bilmədiyini deyib.
Konfektova fiziki və peşə itkilərinə görə “Günəş Sirki”ndən 16,75 milyon dollar təzminat tələb edir.
Günay
Şərhlər