Xəbər lenti

17 nəfərin yaşadığı kənd UNESCO siyahısından çıxarılmasını istəyir: Səbəb nədir?
Foto 13:03 08.07.2026

17 nəfərin yaşadığı kənd UNESCO siyahısından çıxarılmasını istəyir: Səbəb nədir?

Slovakiyanın cəmi 17 daimi sakini olan mənzərəli Vlkolinets kəndi 30 ildən artıqdır UNESCO-nun Dünya İrs Siyahısına daxildir. Lakin kənd sakinlərinin bir hissəsi hesab edir ki, bu status onların gündəlik həyatına mənfi təsir göstərir və yaşayış məntəqəsinin siyahıdan çıxarılmasını istəyir.

Qaynarinfo xəbər verir ki, "Le Figaro" nəşrinin yazdığına görə, hər il təxminən 100 min turist kəndi ziyarət edir. Yerli sakinlər isə bildirirlər ki, turist axını nəticəsində əvvəlki rahatlıq və şəxsi məkan hissi xeyli məhdudlaşıb.

Qərbi Karpatların şimalında yerləşən Vlkolinets ənənəvi taxta evləri və bu günədək demək olar ki, dəyişmədən qorunub saxlanılan tarixi görünüşü ilə tanınır. Kənd 1993-cü ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edildikdən sonra Slovakiyanın ən populyar turizm məkanlarından birinə çevrilib.

Kəndin ən yaşlı sakinlərindən biri, 68 yaşlı Anton Zabuxa bildirib ki, turist axını gündəlik həyatına ciddi təsir göstərir. Onun sözlərinə görə, həddindən artıq maraq göstərən ziyarətçilərin evinə yaxınlaşmasının qarşısını almaq üçün darvazasına "Şəxsi mülkiyyət", "Giriş qadağandır" və "Şəkil çəkmək qadağandır" yazılmış lövhələr yerləşdirib.

Anton Zabuxa hesab edir ki, turistlər üçün təşkil olunan tədbirlərin bir çoxu artıq kəndin həqiqi ənənələrini əks etdirmir və Vlkolinets canlı yaşayış məntəqəsindən daha çox açıq hava muzeyini xatırladır. Onun fikrincə, UNESCO statusundan imtina edilməsi kəndə əvvəlki sakitliyi qaytara bilər.

Bütün sakinlər UNESCO siyahısından çıxarılma ideyasını dəstəkləməsələr də, onların əksəriyyəti kəndin bu qədər böyük turist axınına xidmət göstərə biləcək infrastruktura malik olmadığı ilə razılaşır.

Əsas problemlər dar giriş yolu, avtomobillər üçün parkinq yerlərinin çatışmazlığı və ictimai tualetlərin azlığıdır. Sakinlərin sözlərinə görə, bəzi turistlər sanitar qovşaqların kifayət qədər olmaması səbəbindən həyətlərdən tualet kimi istifadə ediblər.

Digər yerli sakin Peter Qrisin sözlərinə görə, vəziyyət o həddə çatıb ki, kənd artıq insanların vaxtilə burada yaşamağı seçməsinə səbəb olan sakitliyi təmin etmir.

Yerli administrasiya isə sakinlərin narahatlığını nəzərə aldığını və turizm yükünü azaltmaq üçün müxtəlif layihələr üzərində işlədiyini açıqlayıb.

Planlara kilsə və məktəbin bərpası, əlavə ictimai tualetlərin tikilməsi və avtomobillərin tarixi hissəyə daxil olmasının qarşısını almaq üçün kəndin girişində yeni parkinqin salınması daxildir.

Hazırda kəndin hər bir sakini turist axınının yaratdığı narahatlığa görə ildə təxminən 400 avro məbləğində kompensasiya alır. Bundan əlavə, onlar yaşayış evlərinin təmiri üçün əlavə maliyyə dəstəyi almaq məqsədilə müraciət edə bilirlər.

Bəzi turistlər də yerli sakinlərin narazılığını başa düşdüklərini bildirirlər. Almaniyadan gələn bir ziyarətçi kəndə gələn turistlərin sayının həqiqətən də həddindən artıq çox olduğunu deyərək, öz evinin və bağının ətrafında da daim yad insanların gəzməsini istəməyəcəyini qeyd edib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->