2010-cu illərin cinsləri və 40-cı illərin ziddiyyətli top geyimləri yenidən dəbdə
Dünya podiumlarında artıq unudulmuş sayılan bir sıra geyim üslubları geri qayıdır. Moda qanunauyğunluğuna görə, bir dövrdə populyar olan, lakin sonradan unudulan üslublar illər sonra yenidən aktual olur. Bu dəfə söhbət həm zövqləri bölən, həm də mübahisəli üslublardan gedir.
Qaynarinfo xəbər verir ki, "Real Simple" jurnalına danışan tanınmış stilistlər bəzi geyim elementlərinin 2025-ci ildə yenidən trend olacağını bildiriblər.
Dar cinslər. Stilist Dianna Boyer dar cinslərin 2010-cu illərin rahatlıq və estetik elementlərini daşıdığını qeyd edib. Onun sözlərinə görə, indi bu cinsləri daha geniş formalı geyimlərlə birləşdirərək həm gündəlik, həm də xüsusi hallarda istifadə etmək mümkündür. Klassik qısa çəkmələr əvəzinə hündür çəkmələr və ya balet ayaqqabıları ilə uyğunlaşdırmaq tövsiyə olunur.
Geniş kəmərlər. Stilist Cennifer Li belə kəmərlərin cinslərlə deyil, daha çox bel xəttini vurğulayan əsas aksesuar kimi istifadə edilməsini məsləhət görür. Onun fikrincə, minimal dizaynlı kəmərlər şifon maxi donlarla romantik boho üslubu yarada bilər.
Mikroşortlar. Stilist Sabrina Morin bu elementin 2000-ci illərin estetikasını geri gətirdiyini, lakin müasir versiyanın daha zərif və düşünülmüş göründüyünü bildirib. Gündüz kombinasiyası üçün onları pencəklərlə, axşam isə ipək bluzlarla uyğunlaşdırmaq təklif olunur.
Çiyin yastıqları. Dianna Boyer 2025-ci ildə bu elementin həcm yaratmaqdan daha çox güc və inamı simvolizə edəcəyini vurğulayıb. Müasir modellər 1980-ci illərin şişirdilmiş formalarından fərqli olaraq daha sadə və məqsədyönlü görünüşə sahibdir.
Üslubların qarışığı. Stilist Cennifer Li bu tendensiyanın uyğunsuz elementləri birləşdirməyə əsaslandığını qeyd edib. Zəncirvari logolu aşağıbel cinslər, süni xəz çəkmələr və parıltılı elementlər bu üslubun nümunələridir. Lakin o, görünüşün ifrata vararaq karnavala çevrilməməsi üçün yalnız bir vurğulu detal seçməyi məsləhət görür.
"Shield" tipli gün eynəkləri. Sabrina Morin iri ölçüləri ilə mübahisələrə səbəb olan bu modellərin düzgün saç düzümü və üslubla kombinə edildikdə çox təsirli göründüyünü bildirib.
Peplum üslubu. 1940-cı illərdən bəri dövri olaraq geri dönən basqa detallı top geyimləri yenidən aktualdır. Ekspertlər əvvəlki kimi dar cinslərlə deyil, daha geniş şalvar və ya cinslərlə uyğunlaşdırılmasını məsləhət görürlər.
Tüklü teksturalar. Geniş kənarlı panamalar, süni xəz çəkmələr və digər həcmi böyük aksesuarlar 1990-cı illərin teatrallığını xatırladır. Cennifer Li belə üslubların praktikadan çox vizual effekt yaratmaq üçün dəbli seçim ola biləcəyini vurğulayıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər