Xəbər lenti

2024-cü ildə Ukrayna cəbhəsində nə gözlənilir? (ŞƏRH)
Dünya07:59 11.01.2024

2024-cü ildə Ukrayna cəbhəsində nə gözlənilir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya - Ukrayna müharibəsi artıq iki ilə yaxındır ki, davam edir. Bu müddət ərzində hər iki tərəf ciddi itkilərə məruz qalıb. 2023-cü il ərzində Ukrayna müharibənin gedişində bəzi əraziləri, xüsusən də Xersonu azad etməklə müəyyən irəliləyişlərə nail oldu. Lakin bununla belə, Kiyev və Qərbin gözlənildiyinin əksinə olaraq, Ukrayna ordusunun yay kampaniyası ciddi nəticə vermədi. 2023-cü ilin yayından üzü bəri tərəflərin tutduqları mövqelərdə demək olar ki, heç bir dəyişiklik baş verməyib. Proseslərin gedişi göstərir ki, 2024-cü ildə hərbi əməliyyatlar bitməyəcək. 2024-cü ilin soyuq qış aylarında Rusiya əsas diqqəti Ukraynanın enerji infrastrukturunu məhv etməyə yönəldəcək.
Bunun nəticəsidir ki, Ukrayna infrastrukturuna rus raketlərinin zərbələri artıb. Ancaq məsələ ondadır ki, Ukrayna Qərbin dəstəyi və köməyilə keçən illə müqayisədə bu ağır prosesi neytrallaşdırmağa daha hazır vəziyyətdədir. Bu mənada Rusiyanın yenidən Ukrayna əhalisini soyuqdan dondurmaq cəhdləri keçən il ilə müqayisədə ciddi effekt verməyəcək. Əvəzində, 2024-cü ilin qışı Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən şəhər və rayonları üçün çətin keçəcək. Belə ki, artıq Ukrayna ordusu da Rusiyadan nümunə götürərək, bu ölkənin sərhəddə yerləşən infrastrukturuna anoloji zərbələr endirməyə başlayıb.
Bunu biz Ukrayna ordusunun Belqoroddakı hərəkəti, Krımı birləşdirən dəmir yolunu dağıtmasının timsalında gördük. Ukrayna xalqı Rusiyanın qış mövsümündə atdığı bu sayaq addımlara artıq uyğunlaşıb. Amma bunu sərhəddəki rus əhalisinə münasibətdə söyləmək olmaz. Belə ki, Kiyevin atdığı anoloji addımlar rus əhalisində istər-istəməz qorxu xofu yaradacaq. Bu mənada, Rusiyanın şaxtalı havada Ukrayna əhalisini sındırmaq cəhdinin öz başında çatlayacağı gözləniləndir.
Bir sözlə, cari ilin qışı yenə də əsasən mövqe döyüşlərilə yadda qalacaq. Bu dövrdə tərəflərdən hər hansı birinin üstün mövqeyə keçəcəyi ağlabatan deyil. Əsas proseslər sözsüz ki, 2024-cü ilin yazından, may ayından sonra cərəyan edəcək. Həmin ərəfədə Ukrayna ordusunun əvvəlki səhvləri nəzərə almaqla yenidən əks-hücum əməliyyatı keçirəcəyi istisna deyil. Bu müddət ərzində Qərbin Ukraynaya hərbi dəstəyi yeni mərhələyə qədəm qoyacaq. Düzdür, hələlik həm ABŞ, həm də Avropa İttifaqında Kiyevə hərbi yardım məsələsində müəyyən fikir ayrılıqları, gərginlik hökm sürür. Amma aydın məsələdir ki, Qərb tezliklə bu vəziyyəti aradan qaldıracaq. Bu əsasda da hazırda yaşanan çətinliklərə rəğmən Kiyevə yardımların cari ildə daha da güclənəcəyi gözlənilir. Belə vəziyyət isə Ukraynanın gücünə yeni güc qatacaq. Hərbi əməliyyatların gedişinin necə bitəcəyini indidən söyləmək çətin olsa da, onu demək olar ki, cari il müharibədə həlledici il olacaq. Bu il ərzində tərəflərdən hansı biri üstünlük əldə etsə, prosesin sonrakı gedişi də daha çox məhz onun maraqlarına uyğun cərəyan edəcək. 
 
Rüfət Sultan