2024-cü ilin fevralı tarixdə ən isti fevral ayı olub. Artıq 9-cu aydır ki, temperatur rekordları qırılır.
Qaynarinfo "Bloomberg"ə
istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının İqlim Dəyişikliyi Xidməti Kopernik məlumat yayıb.
Ötən ay qlobal səth havasının orta temperaturu 13,54 °C-ə çatıb. Bu, 1991-2020-ci ilin fevral aylarının orta göstəricisindən 0,81°C və 2016-cı ilin fevralında əvvəlki rekorddan 0,12°C yuxarıdır. Qütb olmayan bölgələrdə dəniz səthinin temperaturu mütləq rekord həddə - 21,09 °C-ə çatıb.
C3S-in məlumatına görə, Avropada fevral ayının temperaturu qitənin əksər hissəsində orta səviyyədən yüksək olub, ən böyük istilik anomaliyaları Mərkəzi və Şərqi Avropada müşahidə olunub. Lakin Şimali Avropa ölkələrində və Rusiyanın şimal-qərbində temperatur orta səviyyədən aşağı idi.
Meteoroloqlar qışın son ayında orta temperaturun sənayedən əvvəlki fevral ayından - 1940-cı ildən 1,77°C yuxarı olduğunu bildiriblər.
Bundan əlavə, fevral ayının orta qlobal temperaturu ötən il ərzində rekord səviyyəyə çatıb, sənayedən əvvəlki səviyyədən 1,56°C yüksək olub.
İqlim Dəyişikliyi Xidməti əlavə edir ki, Avropada bu qış qitədə qeydə alınan ikinci ən isti qış olub.
Alimlər qlobal istiləşmənin səbəbinin Sakit Okeanda El Nino dalğasının güclənməsi ilə əlaqədar okeanların istiləşməsi olduğunu deyirlər.
El Nino Sakit Okeanda suyun səth qatının temperaturunun kəskin artmasıdır (5-9 °C). Bu, planetar miqyasda olan bir hadisədir və Yerin böyük bir hissəsinin hava şəraitinə birbaşa və ya dolayısı ilə təsir göstərir. Alimlər bildirirlər ki, okean üzərində səth atmosferinin temperaturu yüksək olaraq qaldığından, təbii fəlakətlər riski artır.
"İqlim atmosferdə istixana qazlarının konsentrasiyasına cavab verir. Əgər onları sabitləşdirə bilməsək, qaçılmaz olaraq yeni qlobal temperatur rekordları və onların nəticələri ilə üzləşəcəyik", deyə Kopernik İqlim Dəyişikliyi üzrə Avropa Xidmətinin direktoru Karlo Buontempo bildirib.
Xidmət əlavə edib ki, Yer kürəsi təhlükəli sürətlə istiləşir. İstilik rekordların 2023-cü ilin iyun ayından hər ay qeydə alınıb - karbon qazı emissiyalarında bir il davam edən artım qeydə alındıqdan sonra. Alimlər əlavə edib ki, istiləşməni dayandırmaq üçün bərpa olunan enerji mənbələrinin payını artırmalıyıq.
Aydın