Xəbər lenti

24 gözü olan ən ölümcül dəniz canlısı - İldə 100 insan öldürə bilər
Dünya 10:55 30.09.2025

24 gözü olan ən ölümcül dəniz canlısı - İldə 100 insan öldürə bilər

Amerikalı bioloq Skott Trevers dünyanın ən təhlükəli dəniz canlısının qutu meduza olduğunu açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, bu məxluqun şəffaflığı və güclü zəhəri onu okeanın ən ölümcül sakini edir.

Trevers bildirib ki, qutu meduzanın zəngvari bədəni nazik və demək olar görünməzdir. Onun eni 30 santimetrə qədər çata bilər, hər küncündən isə üç metr uzunluğunda incə, şüşə kimi şəffaf toxunacaqlar uzanır.

Adətən insanlar üçün ən böyük təhlükə akulalar hesab edilir. Lakin akulalar ildə 50-dən az insana hücum edir və onların yalnız 5-6-sı ölümlə nəticələnir. Qutu meduza isə ildə təxminən 100 nəfərin ölümünə səbəb ola bilir.

Bioloqa görə, bu canlı iki əsas üstünlüyə malikdir:

1.Şəffaflıq. Onları hətta ən təmiz sularda belə görmək çox çətindir. İnsanlar onlara bir neçə santimetr yaxın üzə bilərlər, lakin toxunana qədər varlıqlarından xəbərsiz qalırlar.

2.Zəhər. Onların hər bir toxunacağı minlərlə mikroskopik nematosistlə silahlanıb. Toxunuş zamanı bu strukturlar saniyənin parçasında dəriyə girir və zəhəri orqanizmə buraxır.

2015-ci ildə "BMC Genomics" jurnalında dərc olunan araşdırmaya əsasən, qutu meduzaların zəhəri insan bədənində dəhşətli simptomlar yaradır:

*dərhal başlayan güclü ağrı və şişkinlik,
*dərinin zədələnməsi və çapıqlar,
*nəfəs darlığı,
*qan təzyiqində təhlükəli dəyişikliklər,
*ürək fəaliyyətinin pozulması, hətta dayanması.

Ən təhlükəli növ - "Chironex fleckeri" - az miqdarda təmasda belə insana dözülməz ağrı və həyati təhlükə yaradır.

"Current Biology" jurnalında qeyd olunub ki, qutu meduzanın 24 gözü var. Onlar dörd qrupda toplanaraq zəngin ətrafında yerləşir. Bu gözlərin bir hissəsi sadəcə işıq və qaranlığı ayırd edə bilir, lakin linzalı gözləri onlara suyun səthini, ovun kölgəsini və ətrafdakı obyektlərin formasını görməyə imkan verir.

Trevers əlavə edib ki, hətta müşahidələr zamanı qutu meduzaların maneələrin ətrafından üzərək keçdiyi müəyyən edilib. Bu qabiliyyət onları digər meduzalardan fərqləndirir və daha da təhlükəli edir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->