Xəbər lenti

30 yaşlı
Video 19:08 16.01.2026

30 yaşlı "Toyota Supra"nın satış qiyməti gözqamaşdırır (VİDEO)

Avtomobil dünyasında elə adlar var ki, onilliklər keçsə də, dəyərindən heç nə itirmir, əksinə zamanla bir sənət əsərinə çevrilir. "Toyota Supra” deyildikdə ağla gələn mənzərə məhz budur. 

Qaynarinfo xəbər veri ki, 1993-cü ildə konteyerdən endiyi andan etibarən fenomenə çevrilən dördüncü nəsil "Supra” açıq hərraclarda dodaq uçuqladan qiymətlərlə alıcı tapır. Xüsusilə əfsanəvi "2JZ” mühərriki və ikiqat turbo sistemi ilə tanınan bu yapon idman avtomobili kolleksiyaçıların arzularını bəzəməkdə davam edir.

Bu il Florida ştatında təşkil olunan "Mecum Kissimmee” hərracında 1998-ci il istehsalı olan "Toyota Supra Turbo” tam 220 min dollara satılıb. 30 yaşlı bir yapon avtomobilinin bu məbləğə çatması hərrac aparıcılarını belə təəccübləndirib. Təxminən 14 min kilometr yürüşü olan bu xüsusi nümunə avtomobil həvəskarlarının axtardığı bütün xüsusiyyətlərə malik idi: altı pilləli mexaniki sürətlər qutusu, targa tavan və tam orijinal vəziyyət. Bu satış "Supra”nın artıq sadəcə avtomobil deyil, çəkisi qədər qızıl dəyərində investisiya vasitəsinə çevrildiyini bir daha sübut edib.

Rekord hələ də zirvədədir

220 min dollar inanılmaz məbləğ kimi görünsə də, bu satış rekord hesab olunmur. Keçmişdə daha yüksək qiymətə satılan nümunələr də var. Məsələn, 2022-ci ildə 13 min mil yürüşü olan, modifikasiyasız 1994-cü il istehsalı "Supra” 232 min dollara alıcı tapmışdı. Elə həmin il 53 min mil yürüşə baxmayaraq 1997-ci il istehsalı başqa bir "Supra” 230 min dollara satılaraq qiymət həddini daha da yüksəltmişdi. Bu rəqəmlər dördüncü nəsil "Supra”nın bazar dəyərinin artıq tamamilə fərqli səviyyəyə çatdığını göstərir.

"Need for Speed” nəsli indi kolleksiyaçıdır

Əvvəllər açıq hərraclarda "Dodge Charger” və ya "Chevy Chevelle” kimi Amerika əzələ avtomobilləri rekordlar qırırdı. Ancaq zaman dəyişib. "Need for Speed” oyunları ilə böyüyən, "Forsaj” filmləri ilə avtomobil həvəsini möhkəmləndirən nəsil artıq yetkin yaşa çatıb və xəyallarındakı avtomobilləri ala biləcək büdcəyə sahibdir. Bu da "Supra” kimi yapon idman avtomobillərinin dəyərini adeta orbitə çıxarıb. Çoxumuz üçün bu qiymətlər əlçatmaz xəyal olsa da, hələ də kimsənin "2JZ” mühərrikinin səsini yollarda eşitdiyini bilmək avtomobilsevərlər üçün kiçik də olsa təsəllidir.

Aydın





--> -->