Xəbər lenti

50 min il əvvəl Ayda insanlar yaşaya bilərdimi?
Dünya 10:42 07.10.2025

50 min il əvvəl Ayda insanlar yaşaya bilərdimi?

İnsanlığın Ay səthinə qayıdış hazırlıqları sürərkən, bəzi mütəxəssislər bu missiyaların təkcə elmi nailiyyət deyil, həm də tarixi sirlərin üzə çıxmasına səbəb ola biləcəyini bildirirlər. 

Qaynarinfo xəbər verir ki, amerikalı geoloq və yazıçı Qreq Breyden bir podkast yayımında Ay səthində qədim sivilizasiyalara aid tikililərin mövcud olduğunu və bu məlumatların uzun illər gizli saxlanıldığını iddia edib.

Breydenin fikrincə, Soyuq müharibə dövründə ABŞ və Rusiya bu tapıntıları ictimaiyyətdən gizlədib. Lakin indi vəziyyət dəyişir: Çin və Hindistan kimi yüksələn kosmik güclər gələcək Ay missiyalarını canlı yayımlarla ictimaiyyətə təqdim etməyi planlaşdırır.

Çinin "Chang’e 7” missiyası 2026-cı ildə, Hindistanın "Chandrayaan-4” adlı pilotsuz aparatı isə 2028-ci ildə buraxılacaq. Hər iki ölkə bu uçuşları kosmik agentliklərinin tətbiqləri, televiziya və sosial media vasitəsilə geniş şəkildə yayımlamağı nəzərdə tutur.

Breyden hesab edir ki, bu yayım və müşahidələr nəticəsində illərdir mübahisə mövzusu olan, lakin hələ təsdiqlənməmiş iddialara aydınlıq gətirilə bilər. Onun sözlərinə görə, Ay səthində üzərində yazılar olan və insanlar tərəfindən inşa edilmiş strukturlar tapılacaq.

"Ayda bir vaxtlar insanlar var idi”

Qreq Breyden bu fikirləri ilk dəfə səsləndirmir. O, daha əvvəl nəşr etdirdiyi kitablarında da Ayda 50 min il əvvəl mövcud olmuş, yüksək texnologiyaya malik qədim bir sivilizasiyanın izlərindən bəhs edib. Onun iddiasına görə, bu sivilizasiya Yer planetindən ayrılmış, kosmik səyahət qabiliyyətinə çatmış, lakin özünü məhv etmiş bir mədəniyyətin qalıqlarından ibarətdir.

Breyden NASA-nın 1990-cı illərdə həyata keçirdiyi "Clementine” missiyası zamanı əldə edilən bəzi görüntülərdə bu cür geometrik və düz bucaqlı tikililərin əks olunduğunu, onların təbiətdə öz-özünə yarana bilməyəcəyini irəli sürür. O, bu obyektləri Marsdakı "Cydonia” bölgəsində yerləşən və "Mars üzərindəki üz” kimi tanınan formasiya ilə, eləcə də Marsda olduğu iddia edilən piramida şəkilli strukturlarla müqayisə edir.

NASA nə deyir?

NASA bu kimi iddiaları qəti şəkildə rədd edir. Agentlik Ay və Mars səthindəki bu strukturların təbii mənşəli olduğunu və elmi izahının mövcudluğunu bildirir.

Lakin Breyden iddia edir ki, həm ABŞ, həm də Sovet İttifaqının Ay missiyaları zamanı canlı yayım bağlantıları bilərəkdən kəsilib və astronavtlara bəzi müşahidələrini ictimaiyyətlə paylaşmaq qadağan olunub.

"Astronavtlar gördüklərini yalnız səssizcə bölüşdülər”

Breydenin sözlərinə görə, "Apollo” missiyalarında iştirak etmiş bəzi astronavtlar həyatlarının son illərində Ay səthində "antropoloji tikililər və yazılar” gördüklərini dilə gətiriblər. Bu ifadələr rəsmi şəkildə yayımlanmasa da, qapalı dairələrdə danışılan məlumatlar arasında yer alır.

Həmçinin iddialara görə, Nil Armstronq və Baz Oldrin 1969-cu ildəki "Apollo 11” missiyası zamanı Ayın qaranlıq səthində böyük metal konstruksiya və ya "baza” kimi obyektlə qarşılaşıblar. Məhz bu müşahidədən dərhal sonra NASA-nın yayımı kəsdiyi iddia olunur.

İnsan tarixinin alternativ izahı

Qreq Breydenin Ay və Marsla bağlı fərziyyələri, insanın mənşəyi barədə qəbul edilmiş elmi baxışları da sual altına alır. O, insan növünün tarixinin 200–300 min il deyil, bəlkə də 1 milyon il əvvələ qədər uzandığını irəli sürür.

Breyden bu nəzəriyyəsini Çində tapılan və Denisovalılarla əlaqələndirilən qədim kəllə qalıqları və insan xromosomu 2-dəki genetik birləşmə izlərinə əsaslandırır. Onun fikrincə, bu dəyişikliklər təbii təkamül nəticəsində deyil, "şüurlu bir müdaxilə” nəticəsində yaranıb.

Elmi mövqe

Bu kimi fikirlər elmi ictimaiyyət tərəfindən sübuta yetirilməmiş və spekulyativ hesab olunur. Məşhur antropoloq Kris Strinjer və digər mütəxəssislər bildirirlər ki, son illərdə tapılan fosil nümunələri insan təkamülünə yeni baxışlar qazandırsa da, bunlar elmi çərçivə daxilində izah olunur.

Gözlənilən Ay missiyaları təkcə texnoloji nailiyyətlər deyil, həm də uzun illərdir müzakirə olunan bu kimi nəzəriyyələrin yenidən gündəmə gəlməsinə səbəb ola bilər. Qreq Breyden kimi tədqiqatçılar ümid edirlər ki, yeni kəşflər bəşər tarixinin indiyədək gizli qalmış bəzi sirlərini üzə çıxara bilər. Elm dünyası isə bunun yalnız etibarlı sübutlarla təsdiqlənəcəyi halda mümkün olacağını vurğulayır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->