ABŞ ilə Sovet İttifaqının üstünlük mübarizəsi apardığı Soyuq müharibə dövründə Mərkəzi Kəşdiyyat İdarəsi (MKİ) üçün işləyən bioloji müharibə alimlərindən biri olan Dr. Frank Olsonun 1953-cü ildə baş verən müəmmalı ölümü hələ də müzakirə mövzusudur. Dr. Olsonun ailəsi onun intihar etmədiyini, əksinə öldürüldüyünü iddia edir.
Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, indiyə qədər açıqlanmayan yeni sənədlər isə MKİ-nin gizli zehin nəzarəti proqramının təfərrüatlarını və Dr. Olsonun ölümü ilə bağlı qaranlıq məqamları ortaya çıxarır.
MKUltra proqramının sirrləri
MKİ-nin 1953-1964-cü illərdə həyata keçirdiyi MKUltra adlı gizli proqram insanları zəiflətmək, beynin yuyulması və psixoloji işgəncə vasitəsilə etiraflara məcbur etmək üçün metodlar və dərmanlar hazırlamağı hədəfləyirdi. MKİ sözçüsü "DailyMail"ə verdiyi açıqlamada deyib:
"MKUltra proqramı 1953-cü ildə başlayıb, lakin qeyri-effektiv nəticələr və qeyri-etik testlər səbəbilə 1963-cü ildə dayandırılıb. Buna baxmayaraq, MKİ bu proqramla bağlı sənədlərin məxfilikdən çıxarılması və ictimaiyyətə təqdim olunması ilə tarixin bu hissəsinə şəffaflıq gətirməyə çalışıb".
Dr. Frank Olson isə bu proqram üzərində çalışan ən təcrübəli alimlərdən biri olub. Bioloji müharibə üzrə mütəxəssis olan Dr. Olson, bir gün Nyu-Yorkdakı otel otağında ölü tapılıb. Hadisə intihar kimi təqdim edilsə də, ortaya çıxan yeni sənədlər onun öldürüldüyünə dair şübhələri artırır.
Sosial, lakin narahat alim
Yeni açıqlanan sənədlər Dr. Olsonun rəhbəri və Ordu Kimyəvi Korpusunun Xüsusi Əməliyyat Bölməsinin keçmiş rəisi olan Vinsent Ruvetin ifadələrini ehtiva edir. Ruvetin bəyanatı Dr. Olsonun Maryland ştatındakı Deep Creek gölündə aparılan MKUltra təcrübəsi zamanı və sonrakı psixoloji vəziyyətini təsvir edir. Deep Creek gölü MKİ-nin zehin nəzarəti təcrübələrinin həyata keçirildiyi yerlərdən biri kimi tanınır.
Ruvet ifadəsində Dr. Olson haqqında deyir: "Çox sosial bir insan idi. Zarafat etməyi sevirdi, amma heç vaxt həddi aşmazdı. O, həm sosial həyatda, həm də peşəkar dairələrdə çox populyar idi. Deep Creek gölündə keçirilən təcrübədən sonra ertəsi gün onunla səhər yeməyində görüşdüm. Dr. Olson narahat görünürdü, lakin MKUltra təcrübələrinin tələbləri nəzərə alındıqda, bu qeyri-adi görünmürdü".
Qaçırılma qorxusu və paranoid davranışlar
Dr. Olsonun davranışları 1953-cü ilin noyabrında daha da dəyişib. 23 noyabrda o, rəhbəri Ruvetlə görüşərək işdən çıxmağı və ya istefa verməyi düşündüyünü bildirib. Ruvet isə onun qeyri-adi davranışlarından şoka düşüb.
Dr. Olsonun vəziyyəti daha da pisləşdiyi üçün psixoloji dəstək almaq qərarına gəliblər. O, həmkarı Dr. Robert Leşbruk ilə birlikdə Nyu-Yorkda bir psixiatrla görüş keçirib. Lakin uçuş zamanı Dr. Olson birinin onu qaçırmağa çalışdığına inanırmış.
Psixiatrla görüşsə də, Dr. Olson görüşdən şübhələndi və seansı yarımçıq tərk etdi. Daha sonra Broadvayda "Mən və Cülyet” adlı tamaşaya baxsalar da, onun psixoloji vəziyyəti daha da gərginləşib.
Oteldə müəmmalı ölüm
Dr. Olson 1953-cü ilin noyabrında Nyu-Yorkdakı bir otel otağından düşərək həyatını itirib. Lakin 1994-cü ildə onun cəsədi yenidən məhkəmə-tibbi ekspertizadan keçirilib.
Ekspertizanın nəticələrinə əsasən, Dr. Olsonun üzündə xəsarət izləri olmamasına baxmayaraq, onun əvvəlcə öldürülüb, daha sonra pəncərədən atıldığı ehtimal edilib.
Dr. Olsonun ailəsi iddia edir ki, o, MKUltra təcrübələrinin mahiyyətindən narahatlıq keçirdiyinə görə təhlükə mənbəyi kimi qiymətləndirilib. Ailənin sözlərinə görə, təhlükəsizliyini yoxlamaq məqsədilə təşkil edilən bir iş görüşündə ona halüsinojenik təsiri olan LSD maddəsi verilib.
"Çox şey bilirdi, buna görə də öldürüldü"
Dr. Olsonun qohumu Pol Vidiç isə "O, çox məlumatlı bir insan idi. Buna görə də öldürüldü", deyə bildirib.
1996-cı ildə Nyu-York prokurorluğu onun ölümü ilə bağlı araşdırmaları yenidən başladıb və ölüm səbəbini intihardan "naməlum" olaraq dəyişdirib.
MKUltra proqramı və Dr. Olsonun müəmmalı ölümü ilə bağlı yeni məlumatlar bu məsələnin illər sonra belə mübahisəli olaraq qalmasına səbəb olur.
Aydın
Şərhlər