Birləşmiş Ştatlar Qəzza zolağının milyonlarla sakininə lazımi yardımı göstərmək üçün İsrail və Fələstinin HƏMAS yaraqlıları arasında müharibədə "humanitar fasilə" tələb edən BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyub.
Bu barədə Qaynarinfo BMT-nin mətbuat xidmətinə istinadən məlumat
yayıb.
Braziliyanın müəllifi olduğu qətnamə layihəsi böyük dəstək alıb və HƏMAS-ın İsrailə qarşı "iyrənc terror hücumları” da daxil olmaqla, mülki şəxslərə qarşı bütün zorakılıqlar pislənib.
BMT Təhlükəsizlik Şurasında səsvermənin nəticələrinə görə, 12 üzv lehinə, ABŞ əleyhinə, Rusiya və Böyük Britaniya isə bitərəf qalıb.
Təhlükəsizlik Şurasının beş daimi üzvündən (Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ) hər hansı birinin "əleyhinə” səsverməsi qətnəməyə veto qoyulması anlamına gəlir.
Qeyd edilir ki, ABŞ 10 iş günü ərzində 193 üzvdən ibarət BMT Baş Assambleyasına veto hüququndan istifadənin səbəblərini izah etməli olacaq.
ABŞ səfiri Linda Tomas-Qrinfild bildirib ki, BMT Təhlükəsizlik Şurası ABŞ prezidenti Co Bayden də daxil olmaqla, davam edən diplomatik səylərə əvvəlcə "yerdə daha çox faktı aşkar etməyə” icazə verməlidir. O, həmçinin qətnaməni "İsrailin özünümüdafiə hüququnu vurğulamadığına” görə tənqid edib.
O, əlavə edib ki, Bayden bölgədədir və mülki insanları qorumaq, girovların azad edilməsini təmin etmək və "münaqişənin yayılmasının qarşısını almaq" ümidi ilə diplomatiya ilə məşğuldur.
Nizami Bağırov