ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bildirib ki, Rusiyanın Ukraynadakı "xüsusi hərbi əməliyyat”ına Çinin maddi dəstəyi Vaşinqton və Pekin arasında münasibətləri əsaslı şəkildə dəyişə bilər. ABŞ dövlət katibi Entoni Blinkenin Almaniya, Türkiyə və Yunanıstana səfərinə münasibət bildirən Donfrid Çin və Rusiyanın sərhədsiz tərəfdaşlıq elan etdiyini xatırladıb:
"Biz başa düşürük ki, Çin və Rusiya arasında strateji yaxınlaşma var, lakin Ukraynaya qarşı müharibədə Çinin Rusiyaya maddi dəstək verdiyini görsək, bu, Çinlə münasibətləri kökündən dəyişəcək”.
Xatırladaq ki, 2022-ci il dekabrın sonunda Dövlət Departamenti Rusiya ilə Çin arasında əlaqələrin inkişafından narahat olduğunu bildirmişdi. Amerika dövlət katibliyi əməkdaşının o zaman vurğuladığı kimi, Vaşinqton Pekinin Moskvaya hərbi yardım göstərilməsi və sanksiyalardan yayınmada sistemli yardımın mümkünlüyü baxımından hərəkətlərini diqqətlə izləyir. ABŞ rəsmiləri artıq bildirirlər ki, onlar Pekinin bu cür addımlarının davam edəcəyi halda Çin hakimiyyətinə qarşı tədbir görməli olacaqlar.
Qaynarinfo-ya açıqlama verən politoloq Zərdüşt Əlizadənin fikrincə, Vaşinqtonun Rusiya ilə bağlı Çini hədələməsinin heç bir əsası yoxdur:
"Vaşinqton Ukraynanın qələbə çalmasını istəyirsə, ona göstərdiyi hərbi yardımın həcmini və sürətini artırsın. Çünki Ukrayna Rusiya qoşunları qarşısında ona görə geri çəkilməyə məcbur olur ki, silah və hərbi texnikası kifayət qədər deyil. Bu baxımdan, ABŞ-ın Ukrayna üçün canı yanırsa, zəhmət çəkib, ona lazım olan bütün silahları - tank və təyyarələri versin. Bunu etmədiyi halda, Çini Rusiyaya maddi dəstəklə bağlı yardımda ittiham etmək və bu istiqamətdə hədələmək mənasızdır. Çin hələlik Rusiyaya sübut olunan heç bir hərbi yardım göstərməyib. Belə olan halda, ABŞ-ın Pekini hədələməsinin əslində heç bir əsası yoxdur”.
Rüfət Sultan