ABŞ-ın büdcə kəsiri 2023-cü maliyyə ilinin sonunda 23% artaraq 1,695 trilyon dollar təşkil edib.
Qaynartinfo xəbər verir ki, "İnterfaks” bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinadən yazıb.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci maliyyə ilində büdcə kəsiri 1,375 trilyon dollar təşkil edib. Bu, il ərzində 320 milyard dollar artım deməkdir. Büdcə gəlirlərinin 9% azalaraq 4,439 trilyon dollara düşməsi kəsirin artmasının səbəblərindən biri olub. Xüsusilə, fərdi gəlir vergisi üzrə daxilolmalar 17% azalaraq 2,176 trilyon dollar təşkil edib.
Eyni zamanda, büdcə xərcləri cəmi 2% azalaraq 6,134 trilyon dollar təşkil edib. Dövlət istiqrazları üzrə faiz ödənişləri nəzərəçarpacaq dərəcədə - 23% artaraq 879 milyard dollara çatıb.
Maliyyə Nazirliyi qeyd edir ki, cari kəsir son illərin ən böyük kəsirindən biridir. Yalnız pandemiya dövründə - 2020 və 2021-ci illərdə kəsir daha çox olub. ABŞ-ın büdcəsi sonuncu dəfə 2001-ci maliyyə ili profisit vermişdi.
Aydın