Xəbər lenti

ABŞ-da MKİ əməkdaşı 40 il müddətinə həbs edildi - “WikiLeaks” üçün casusluq
Dünya07:42 02.02.2024

ABŞ-da MKİ əməkdaşı 40 il müddətinə həbs edildi - “WikiLeaks” üçün casusluq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə il əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının alətləri ilə bağlı külli miqdarda məxfi sənədləri "WikiLeaks” layihəsinə ötürən MKİ-nin keçmiş əməkdaşı Coşua Şulte ABŞ-da 40 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Qaynarinfo BBC-yə istinadən xəbər verir.
Coşua Şulte artıq üç dəfə - 2020, 2022 və 2023-cü illərdə ayrı-ayrı məhkəmələrdə casusluq və digər cinayətlərdə təqsirli bilinib, lakin yalnız indi ABŞ Dairə Məhkəməsinin hakimi Cessi Furman onu həbsə məhkum edib.
"Coşua Şulte Amerika tarixində ən həyasız və iyrənc casusluq hərəkətlərindən birini törətməklə ölkəsinə xəyanət edib", - prokuror Damian Uilyams qeyd edib. 
Bildirilir ki, Şulte 2012-2016-cı illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin Kiber Kəşfiyyat Mərkəzində proqramçı kimi çalışıb və istintaqın və məhkəmənin nəticələrinə görə, istifadə etdiyi haker proqramlarını gizli surətdə köçürüb. O, istefa verdikdən sonra bu materialları, 8761 faylı 2017-ci ilin martında dərc etməyə başlayan "WikiLeaks” layihəsinə göndərib.
Şulte tərəfindən sızdırılan fayllarda viruslar, troyanlar və digər haker proqramları olub ki, onların köməyi ilə MKİ, məsələn, terrorçuların və ya xarici siyasətçilərin mobil telefonlarını sındıraraq onları dinləmə cihazlarına çevirib.
Müstəntiqlərin fikrincə, Şulte mütəmadi olaraq tapşırıqları vaxtında yerinə yetirə bilməyib və işdən çıxmağa məcbur olub. Keçmiş işəgötürənlərindən qisas almaq üçün işdən çıxarıldıqdan sonra oğurlanmış materialları "WikiLeaks”ə ötürüb. 
İlkin istintaq zamanı casusluq və FTB agentlərinə yalan danışmaqdan əlavə, Şulte uşaq pornoqrafiyası saxlamağa görə də məhkum edilib. Məhkəmə sənədlərinə görə, onun mənzilinə baxış zamanı uşaq pornoqrafiyası olan on minlərlə fayl tapılıb.
Xatırladaq ki, "WikiLeaks” beynəlxalq qeyri-kommersiya təşkilatıdır və anonim mənbələrdən götürülmüş məxfi məlumatları dərc edir və ya bu məlumatlar sızdırılır. Saytın yaradıcıları bildirdilər ki, onların saytın mövcud olduğu ilk il ərzində topladığı 1,2 milyon sənəddən ibarət məlumat bazası var.
WikiLeaks-in yaradıcısı, baş redaktoru və direktoru avstraliyalı onlayn jurnalist və televiziya aparıcısı Culian Assanjdır. Layihənin məqsədi "məlumat sızması nəticəsində əldə edilmiş sənədlərin dərci və təhlili”dir.
Nizami Bağırov