ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı, amerikan xüsusi xidmətlərinin qlobal izləmə proqramlarını ifşa etmiş Edvard Snouden artıq rəsmi olaraq Rusiyanın vergi rezidenti olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sistema” layihəsinin araşdırmasında bildirilir. Jurnalistlər onun vergi ödəyicisinin şəxsiyyət nömrəsini (İNN) aşkar edərək araşdırıblar. Nömrənin ilk dörd rəqəmi — 5027 — Rusiya Federal Vergi Xidmətinin 17 saylı Müştərək Rayon Müfəttişliyi ilə əlaqələndirilir və bu idarə Moskvaətrafı Lyubersi şəhərində yerləşir. Eyni zamanda bu vergi idarəsi yaxınlıqdakı Dzerjinski, Kotelniki və Lıtkarino şəhər dairələrini də əhatə edir.
Federal Vergi Xidmətinin açıq bazasında Snoudenin İNN-i aktiv göstərilir, həm tam adı, həm də doğum tarixi ilə uyğundur. Həmçinin Federal Məhkəmə İcraçıları Xidmətinin açıq bazasında da bu İNN-ə sahib şəxsə heç bir cərimə və ya borc yazılmadığı görünür.
Qeyd edək ki, Edvard Snouden 2013-cü ildə ABŞ xüsusi xidmət orqanlarının apardığı genişmiqyaslı izləmə proqramlarına dair 1,7 milyon məxfi sənədi jurnalistlərə təqdim etdikdən sonra Rusiyada sığınacaq alıb. Öncə ona müvəqqəti sığınacaq, daha sonra da daimi yaşayış icazəsi verilib. 2022-ci ilin sentyabrında isə Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə vətəndaşlıq alıb. 2023-cü ildə Snouden Rusiya pasportu da əldə edib. O, Rusiya ərazisində harada yaşadığını açıqlamasa da, həyat yoldaşı Lindsi Mills onunla birlikdə yaşadığı müddətdə sosial şəbəkədə bəzi şəkillər paylaşıb. Bu şəkillərdən biri Lyublin meşə parkında, digəri isə parkın yaxınlığındakı "Voljskaya” metro stansiyası yaxınlığında çəkilib. Hər iki fotoda Mills fərqli geyimdədir ki, bu da onların müxtəlif vaxtlarda çəkildiyini göstərir.
ABŞ-da Snoudenə qarşı dövlət sirrini yaymaq ittihamı irəli sürülüb və onu 30 ilə qədər həbs cəzası gözləyir. Lyubersi Moskvanın cənub-şərqində yerləşən şəhərdir və Moskva vilayətinin eyniadlı dairəsinin inzibati mərkəzidir. Şəhər sovet dövründə sənaye mərkəzi kimi tanınıb, panel binalar və 1980–90-cı illərdəki "bandit şəhərətrafı” reputasiyası ilə məşhurdur. Prezident Putinin sevimli musiqi qruplarından olan "Lyube” öz fəaliyyətinə bu şəhərdə başlayıb və burada onların şərəfinə abidə ucaldılıb. Müasir Lyubersi isə çoxmərtəbəli yaşayış kompleksləri ilə sıx məskunlaşmış bir ərazidir.
Alpər
Şərhlər