Qətnamə layihəsi Rusiyanın Ukraynadakı hərəkətlərinin, o cümlədən Rusiya Federasiyasına məcburi deportasiya və Ukraynanın mülki əhalisinin məqsədyönlü şəkildə qətlə yetirilməsinin Ukrayna xalqına qarşı soyqırım kimi tanınmasını nəzərdə tutur. Müvafiq sənədi ABŞ-ın yüksək rütbəli senatorlarından ibarət ikipartiyalı qrup Yuxarı Palatada təqdim edib.
Bu barədə Qaynarinfo ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin saytına istinadən xəbər
verir.
Qətnamənin müəlliflərindən olan respublikaçı Cim Riş "Rusiyanın Ukraynada etdiyinin soyqırım olduğuna şübhə yoxdur”, - deyib.
O qeyd edib ki, Rusiya hərbçilərinin İrpen, Qostomel və Ukraynanın digər şəhərlərində etdikləri hər şey soyqırımdır.
"Beynəlxalq ictimaiyyət Rusiyanın Ukraynanın bütün ərazisində hərbi cinayətlər sayılan çoxsaylı sui-istifadələrini sənədləşdirir. ABŞ və dünyanın bunu belə tanımasının vaxtı çatıb", - Riş deyib.
ABŞ Helsinki Komissiyasının rəhbəri, senator Ben Kardin qeyd edib ki, soyqırım təkcə insanların yox, həm də binaların, Ukrayna dilinin, tarixinin və mədəniyyətinin məhv edilməsidir.
"Bu qətnamə Putinin sistematik şəkildə Ukrayna xalqına qarşı işgəncə verməsini və qətlə yetirməsini haqlı olaraq soyqırım kimi pisləyir... Rusiyanın vəhşilikləri davam etdikcə, ABŞ insanlığa qarşı bu cinayətlərin qarşısını almalı və Rusiyanı terrorizmin himayədarı kimi tanımalıdır. Qanunun aliliyi hökm sürməlidir”, - Konnektikut ştatından yüksək səviyyəli ABŞ senatoru Riçard Blumental bildirib.
Qətnamədə nə deyilir:
• Rusiyanı Ukrayna xalqına qarşı soyqırım aktları törətməkdə qınayır;
• ABŞ, NATO və Aİ müttəfiqləri ilə birlikdə Ukrayna xalqına qarşı Rusiyanın növbəti soyqırım aktlarının qarşısını almaq üçün Ukrayna hökumətini dəstəkləməyə çağırır;
• Aqressiv müharibə, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımlara görə Rusiya siyasi liderlərini və hərbi personalını məsuliyyətə cəlb etmək üçün tribunalları və beynəlxalq cinayət araşdırmalarını dəstəkləyir.
Xatırladaq ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi dövlət katibi Entoni Blinkendən Rusiya Federasiyasını terrorizmin sponsoru kimi tanımasını tələb edir. O, bildirib ki, əks halda bu Konqres edəcək.
Nizami Bağırov