Xəbər lenti

ABŞ generalı savaşın gələcəyini təhlil edir: “Bütün yollar Krıma aparır”
Dünya10:17 16.11.2022

ABŞ generalı savaşın gələcəyini təhlil edir: “Bütün yollar Krıma aparır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ ordusunun Avropadakı keçmiş komandanı Ben Hodces Xerson əməliyyatını dəyərləndirir, Ukrayna ordusunun gələcək planlarını proqnozlaşdırır və vurğulayır ki, "Rusiya ordusu bu gün çox, çox zəifdir”.
Noyabrın 11-də Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun Ukraynada doqquz ay ərzində ələ keçirə bildiyi yeganə regional mərkəz olan Xersonu azad etdi. Ukraynalı və beynəlxalq hərbi ekspertlərin əksəriyyətinin fikrincə, Xersonun işğaldan azad edilməsi müharibənin sonrakı gedişatını müəyyən edən dönüş nöqtəsi ola bilər.
Rusiya ordusunun geri çəkilməsinin Ukraynaya hansı imkanlar verdiyi, Ukrayna ordusunun nə vaxt və necə hücuma keçəcəyi, Krım yarımadasının yaxınlığında olan rus qoşunlarının vəziyyəti, həmçinin Krımın mümkün azad edilməsi barədə NV ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı general Ben Hodceslə danışıb.
Qaynarinfo müsahibəni təqdim edir:
-Ukrayna ordusunun Xersonun azad edilməsi əməliyyatını necə qiymətləndirirsiniz, bu, Ukrayna üçün hansı imkanlar açır?
-İlk növbədə, mən Ukrayna Silahlı Qüvvələrini bu hərbi əməliyyat və onun məqsədlərinə necə nail olunması münasibətilə təbrik etmək istəyirəm. Dünən prezidentinizi Xersonda görmək nəyə istəyirsiz dəyər. Hesab edirəm ki, bu əməliyyat sizin generallarınız tərəfindən hazırlanmış çox yaxşı əməliyyat planının bir hissəsidir. Sentyabrdakı əks-hücum əməliyyatını xatırlasaq, onda onun iki "qanadı” var - biri Xerson istiqamətində, ikincisi Xarkov və İzümdən keçərək Mariupol istiqamətində hərəkət edir. Nəticədə onların hər ikisi Krımın yaxınlığında yenidən birləşməlidir. Bu, onun işğaldan azad edilməsinə başlamazdan əvvəl vacib bir addımdır. Və mən gözləyirəm ki, yanvarda Ukrayna qüvvələri Krımı işğaldan azad etmək üçün missiyaya başlamaq mümkün olan mövqelərə çatacaq, hesab edirəm ki, belə bir əməliyyat başlaya bilər.
İndi Xersonda olan Ukrayna komandanlığı sol sahilə yol açmaq üçün HIMARS və digər yaxın mənzilli döyüş qurğularını ora yerləşdirə bilər, xüsusən də ora çöllükdür, amma əsas odur ki, Krım yarımadasına yaxınlaşmaq üçün sol sahildə yerləşən rus qruplaşmasının təchizat sistemi aktiv şəkildə məhv edilsin.  
Bütövlükdə bu, psixoloji təsiri, operativ planlaşdırılması və taktiki icrası baxımından böyük və şərəfli əməliyyatdır.
-Deyə bilərikmi ki, Rusiya, böyük itki vermədən öz qüvvələrini nisbətən uğurla sağ sahilə keçirə bilib?
-Bilmirəm. Onların nə qoyub getdikləri, nə apardıqları, itkilərinin nə qədər olduğu, neçəsinin qaça bildiyi, neçəsinin öldüyü barədə çoxlu ziddiyyətli məlumatlar görürəm. Ancaq onların Xersonu necə tələsik tərk etmələrindən şübhələnirəm ki, böyük sayda silah atıblar və ölənlərin sayı kifayət qədər ciddidir. Mənim bu saylarla bağlı məlumatım yoxdur, amma yaxşı xəbər odur ki, onlar Xersonu tərk ediblər, təşəbbüs Ukrayna silahlı qüvvələri tərəfdədir və bu gün Dnepr çayının sol sahilində yerləşən qruplaşmanın atəş altına almaq üçün Ukrayna qoşunları daha yaxşı mövqedədirlər. Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin hazırkı yerləşməsi Odessa üçün atəş təhlükəsini xeyli azaldır.
-Dnepr çayının sol sahilindəki rus qruplaşmasının təchizatı bu gün necə görünür, bu, hərbi əməliyyatların aparılması üçün nə qədər uğurludur?
- Logistika bu qruplaşmanın gələcəyini müəyyən edən amildir. Ukrayna komandanlığı çox peşəkar hərbi kampaniya aparır ki, bu da Rusiya Federasiyasının öz hərbi qruplaşmalarını dəstəkləmək imkanlarını daim daraldır, çünki, məsələn, Krım getdikcə Rusiya üçün tələyə çevrilir. Zədələnmiş Kerç körpüsü Rusiyanın Ukraynanın cənubundakı qoşunlarına dəstək vermək imkanlarını xeyli azaldır. Ordunun qurudan Rostov vasitəsilə, Azov dənizi sahilləri boyunca Mariupola, daha sonra cənuba və Krıma çatdırılmasının bütün digər yolları çox risklidir, uzundur və əslində bir yola qədər daralıb. Eyni zamanda, möhkəmləndirmə təkcə müharibə üçün deyil, həm də işğal olunmuş ərazilərdə mülki əhalinin saxlanması üçün lazım olan minlərlə yeni kontingent əsgər və resurslarla ölçülməlidir. Təbii ki, onlar gəmilərlə nəsə çatdıra bilərlər, amma bunların hamısı çox riskli görünür.
-Ukrayna ordusunun Mariupol və ya Melitopol istiqamətində irəliləyiş imkanlarını necə qiymətləndirirsiniz? Bu nə vaxt baş verə bilər?
- Mən də çoxları kimi yalnız açıq məlumat mənbələrindən - mediadan, ictimai hesabatlardan, vəziyyəti birbaşa və ya yaxından izləyən insanların söhbətlərindən çıxış edə bilərəm. Bütün bunlardan aydın olur ki, rus hərbçiləri Mariupol və Melitopolu qalaya çevirməyə çalışırlar, lakin burada da çətinliklər var, çünki Ukrayna ordusu bu şəhərlərə girməyə də bilər, onlardan yan keçə bilər, torpağın vəziyyəti yol kənarları ilə hərəkət etməyə imkan verdiyi müddətcə bu, çətin olmayacaq. Düşünürəm ki, Ukrayna komandanlığının bu ərazilərdə vəziyyəti necə inkişaf etdirməklə bağlı yaxşı ideyaları var.
Vaxta gəlincə, mən də əminəm ki, Rusiyaya daim təzyiq göstərməyin, lakin eyni zamanda Ukrayna hərbçilərinin çoxlu sayda itki vermədən, rusları itkilərə məruz qoyacaq lazımi şəraitdə və mövqelərdə saxlamağın bir qrafiki var. 
Düşünürəm ki, nəinki bu istiqamətdən gələn təhlükəni azaltmaq, həm də Ukrayna ordusu üçün lazım olan maddi-texniki bazanı gücləndirmək üçün yaxın gələcəkdə rus qoşunlarını Zaporojyedən uzaqlaşdırmaq mümkün olacaq. İndi bu regionda çoxlu proseslər gedir, lakin bütün yollar son nəticədə Krıma aparır.
Rusiya ordusu ağır logistik vəziyyətdədir və hətta Qara Dəniz Donanması da arabir raket zərbələri istisna olmaqla, artıq böyük amil deyil. Həm də hesab edirəm ki, ukraynalılar qış şəraitində üstünlük qazanacaqlar, onlar nəinki müdafiə vasitələri, əhval-ruhuyyə, həm də normal rəhbərlikdən məhrum olan Rusiya ordusundan daha yaxşı təchiz olunublar.
 -Keçən gün siz Ukraynanın HIMARS-ın zərbələri ilə hansı mövqeləri vura biləcəyini əks etdirən konsentrik dairələri olan bir xəritə yerləşdirdiniz. Həmin xəritədən görünür ki, Krım keçidinə və daha uzaq məsafələrə zərbələr endirmək üçün Ukraynaya 300 km-ə qədər mənzilli ATACMS raketləri lazımdır. ABŞ-ın onları Ukraynaya verməsi üçün hansı şərait yaranmalıdır? Bu raketlərin verilməsi realdırmı?
- Bu mənim üçün ağrılı sualdır, Ağ Evdə bu məsələyə yanaşmalarla razı deyiləm. Bu xəritəni xüsusi olaraq Ukrayna ordusunun bu gün nəyə qadir olduğunu və Krımda istənilən hədəfi vurmağa artıq hazır olduğunu göstərmək üçün yerləşdirdik. Cavab olaraq eşidirəm ki, Ağ Ev belə silahları alan Ukrayna Rusiya Federasiyasının dərinliklərindəki hədəfləri vurmağa başlayacaq. Ukrayna komandanlığı artıq dəfələrlə bəyan edib ki, bunu etməyəcəklər, onlara Rusiya əraziləri lazım deyil. Hesab edirəm ki, bu, pis siyasi qərardır və ümid edirəm ki, ABŞ administrasiyası fikrini dəyişəcək, çünki Krımda hədəfləri vura bilmək üçün sizə imkanlar lazımdır və Krım suveren Ukrayna ərazisidir.
-Biz müşavir Sallivanın, general Millinin Rusiya ilə danışıqlara dair açıqlamalarını eşidirik. Artıq ərazilərin uğurlu qaytarılmasını həyata keçirən Ukrayna üçün danışıqlarda hərbi məna varmı?
-Mən, Rusiya ordusu üçün yalnız pis gözləntilər və proqnozlar qaldığı bir vaxtda Ukrayna Silahlı Qüvvələrinin dayanmasında sıfır real hərbi üstünlük görürəm, çünki Ukrayna ordusu vəziyyətə artıq geriyə dönməz impuls verib. Təbii ki, Qərb ölkələri Ukraynaya silah tədarükünü dayandırsalar, o zaman bəlkə də vəziyyət başqa cür olacaq. Buna görə də mən başa düşmürəm ki, müşavir Sallivan niyə bu gün geri addım atmağı təklif edir? Mən bunu bilmirəm, amma güman edirəm ki, ABŞ prezidentinin administrasiyasında bu məsələdə fikir ayrılıqları var, bu da normaldır, biz demokratik dövlətik. Amma general Millinin bu münasibətinə təəccübləndim və üzüldüm. Mən onu xeyli müdrik, bəsirətli, yaxşı zabit kimi tanıyıram. Amma bu qərar, mənim fikrimcə, işlərin real vəziyyətini tamamilə nəzərə almadan, təəccüblü dərəcədə pis qərardır.
Ancaq insaf naminə deyim ki, general Millinin mənim ümumiyyətlə əldə edə bilmədiyim məlumatlara çıxışı var, məndə olmayan kəşfiyyat məlumatları var. Amma mənim əlimdə olanlardan və gördüklərimdən Ukraynanın nəyə görə danışıqlara ehtiyacı olduğuna dair bir arqument də görmürəm.
-Krımın işğaldan azad edilməsi mərhələsində aparılan danışıqlarda hərbi məna ola bilərmi? Bir sıra ekspertlər belə bir ehtimalı istisna etmirlər.
- Hansı məna ola bilər?! Bu, Almaniyaya Şlezviq-Holşteyni, Fransaya Burqundiyanı, ABŞ-a Floridanı şərti Rusiyaya verməsini təklif etmək kimi bir şeydir. Bu nonsensdir.
Birincisi, bu gün Rusiya ordusu çox, çox zəifdir. Bəli, onların hələ də çoxlu artilleriyası, çoxlu dronları var, lakin bu, onları güclü ordu etmir, üstəlik, döyüş xəttinə girməyə məcbur olan təlimsiz kadrlar bu ordunu ancaq zəiflədir. İkincisi, mənə elə gəlir ki, sanksiyalar dünyaya müsbət, Rusiyaya isə mənfi təsir göstərir. Baxın, onlar rus əsgərlərini qış geyimləri ilə təmin etmək üçün artıq Şimali Koreyadan asılıdırlar. Onlarla nədən danışmaq olar? İqtisadiyyatları pis vəziyyətdədir, qazın qiyməti baha qaldığı üçün millət hələ əziyyət çəkmir, amma ruslar qaz kartını çox erkən oynadılar. Almaniya artıq Rusiya qazından uzaqlaşıb, qışın isə isti keçəcəyi güman edilir.
Və nəhayət, mənə elə gəlir ki, Rusiya hökuməti indi tamamilə narahatdır: artıq həm bu müharibənin, həm də bütövlükdə Rusiyanın gələcəyinə dair ümumi məqsədlər birliyi və baxışı yoxdur. Mən çoxlu göstəricilər görürəm ki, insanlar baş verənlərdən razı deyil və çoxları Ukraynaya hücumun nə qədər böyük səhv olduğunu artıq başa düşür. Duqin açıq şəkildə deyir ki, Putini öldürmək lazımdır. Biz Şimali Qafqazı və bu gün Rusiyanın mümkün süqutunu gözləyən və özünü necəsə qorumağa çalışan Kadırovu görürük. Mən qətiyyən Rusiyada rejimin dəyişdirilməsinə çağırmıram - bu, rus xalqının seçimidir, lakin biz başa düşməliyik ki, Putindən sonra kim gəlsə, ondan da pis olacaq.
Ona görə də nə vaxtsa Rusiyanın daxilindəki liderlər belə qərara gələ bilərlər ki, Ukraynada müharibəni uduzmaq pisdir, amma Rusiyanı itirmək daha pisdir. Ona görə də ümid edirəm ki, onlar bu qənaətə gələcəklər ki, artıq Ukraynadan qoşunları çıxarmaq və Rusiyanı daxili çəkişmələrdən qorumağa diqqət yetirmək vaxtıdır.
-Ukraynanın mülki infrastrukturuna kütləvi raket zərbələri Ukrayna ordusunun döyüş qabiliyyətinə təsir edə bilərmi?
 -Orduya təsir etmir. Ruslar Ukrayna şəhərlərini qışda yaşayışa yararsız etmək üçün Ukraynadakı evləri və infrastrukturu dağıtmağa həm çoxmilyonluq raketlərdən, həm də ucuz dronlardan istifadə etdiyinə görə mülki əhali üçün böyük risklər qalır. O zaman milyonlarla ukraynalı Qərbə üz tutaraq qaçqın vəziyyətinə düşməyə məcbur olacaq ki, bu da öz növbəsində Avropa ölkələrinə və hökumətlərinə təzyiq yaradacaq və onlar da öz növbəsində Kiyevi danışıqlara razı salmağa başlaya bilərlər. Beləliklə, Putin növbəti dəfə qaçqınlardan müharibədə silah kimi istifadə etməyə çalışır. Xoşbəxtlikdən, Ukraynada insanların dözümlülüyü yüksək həddədir və bu gün də onlar niyə dözməli olduqlarını başa düşürlər. Amma İran silahlarının və dronlarının Rusiyaya tədarükünü dayandıra bilsək, bu vəziyyəti də dayandıra bilərik.
-Sizcə, yaxın bir neçə həftə ərzində Donetsk istiqamətində vəziyyət necə inkişaf edəcək? Hazırda orada şiddətli döyüşlər gedir.
 -Düşünürəm ki, bu çətin ərazidə əsas vəzifə - Rusiya ordusunun şərq qruplaşmasının gücləndirilməsi imkanlarını dayandırmaqdır və Ukraynanın hərbi komandanlığı bunu başa düşür. Düşünürəm ki, komandanlıq indi Ukraynanın mümkün qədər çox ərazisini necə azad etmək barədə düşünür, lakin prioritet Rusiya ordu qruplaşmasının dəstəyinin kəsilməsi probleminin həllinə verilməlidir. Bu qruplaşmanın bərpasını dayandırın və eyni zamanda onları Zaporojye istiqamətində daha da uzaqlaşdırın. Təəssüf ki, daha dəqiq hesablamalar üçün bu istiqamətdə kifayət qədər məlumatım yoxdur.
- Siz bütövlükdə Ukrayna üçün müharibə haqqında kifayət qədər müsbət mənzərə yaradırsınız. Bununla belə, müharibənin hazırkı mərhələsində Ukrayna üçün əsas risklər hansılardır?
 -Əsas risk silah və sursat təchizatının dayandırılmasıdır. Amma bunun üçün ciddi səbəb görmürəm. Bir həftə əvvəl Konqresə aralıq seçkilərimiz oldu. Yeni Konqresdə Ukraynaya dəstək çox yüksək olaraq qalır və bu dəstəyin əleyhdarları azlıqdadır. Təbii ki, həm yeni Konqres, həm də ABŞ vergi ödəyiciləri hərbi xərclərə görə daha böyük məsuliyyət tələb edəcəklər, bu, yaxşı haldır və yardımların göstərilməsinə təsir göstərmir.
Mənbə: nv.ua
Tərcümə: Nizami Bağırov
Qaynarinfo