Xəbər lenti

ABŞ hesab edir ki, Ukrayna yay əks-hücumunun əsas məqsədinə nail olmayacaq - WP
Dünya09:55 18.08.2023

ABŞ hesab edir ki, Ukrayna yay əks-hücumunun əsas məqsədinə nail olmayacaq - WP

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ kəşfiyyatı hesab edir ki, Ukrayna hücumun əsas məqsədinə - Melitopola çatmağa nail olmayacaq; Ukrayna komandanlığı Qərb müttəfiqlərinin gözləntilərinə baxmayaraq, döyüş meydanında itkiləri azaltmağa qərar verib.
Qaynarinfo xəbər verir ki, bu barədə The Washington Post Amerika kəşfiyyatının "gizli proqnozu" ilə tanış olan həmsöhbətlərə, anonimlik şərti ilə danışan Ukrayna, ABŞ və Avropa rəsmilərinə istinadən yazır.
Nəşrin mənbələrinə görə, ABŞ kəşfiyyatının hesablamalarına əsasən, Ukraynanın hücumu Melitopol şəhərinə çata bilməyəcək. Beləliklə, proqnoz özünü doğrultsa, Ukrayna hücumun əsas məqsədini - Rusiyanın işğal olunmuş Krımla quru dəhlizini yarmaq məqsədini yerinə yetirməyəcək.
"Belə acınacaqlı qiymətləndirmə Rusiyanın işğal olunmuş ərazini minalanmış sahələr və səngərlərlə müdafiə etmək qabiliyyətinə əsaslanır və çox güman ki, Kiyev və Qərb paytaxtlarını Qərbin silah və hərbi texnikasına on milyardlarla dollar xərclənən hücumun öz məqsədlərinə çatmamasında bir-birini günahlandırmağa vadar edəcək”, - The Washington Post yazır. 
ABŞ rəsmilərinin bildirdiyinə görə, şəhərdən 50 mil (80 km – red.) məsafədə yerləşən Robotino kəndindən Melitopol istiqamətində irəliləyən Ukrayna qoşunları ondan bir neçə mil aralıda qalacaq. Milli Kəşfiyyat İdarəsi şərh verməkdən imtina edib. 
Melitopol Ukraynanın hücumu üçün həlledici əhəmiyyət kəsb edir, çünki o, Krıma açılan qapı hesab olunur. Şəhər iki mühüm magistral və dəmir yolu xəttinin kəsişməsində yerləşir və bu, Rusiyaya hərbi və texnikanı yarımadadan Ukraynanın cənubundakı digər işğal olunmuş ərazilərə köçürməyə imkan verir.
"Döyüşlərin (yay hücumu - red.) ilk həftəsində Ukrayna Qərb texnikasına baxmayaraq, Rusiyanın yaxşı hazırlanmış müdafiəsinə qarşı əhəmiyyətli itkilər verdi.
ABŞ və Qərb rəsmiləri bildiriblər ki, ABŞ, Böyük Britaniya və Ukrayna hərbçilərinin birgə keçirdiyi hərbi təlimlərdə bu cür itkilər nəzərdə tutulub, lakin eyni zamanda, hesab edilirdi ki, Kiyev bu itkiləri Rusiyanın əsas müdafiə xəttini yarmağın qiyməti kimi qəbul edəcək. 
Lakin Ukrayna döyüş meydanında itkiləri dayandırmaq və cəbhənin müxtəlif hissələrində kiçik bölmələrlə irəliləmək taktikasına keçmək qərarına gəlib. Bu, yayda Ukraynanın cəbhənin müxtəlif sahələrində yalnız tədricən uğurlar qazanmasına səbəb olub”, - nəşr yazır. 
WP qeyd edir ki, Ukrayna insan həyatı və sursat da daxil olmaqla, Baxmuta nəhəng resurslar yatırıb. Bayden administrasiyasındakı bəziləri şərqdəki öhdəliklərin cənubdakı hücum potensialını sarsıda biləcəyindən qorxduqlarını ifadə ediblər. 
Kəşfiyyatın yeni qiymətləndirmələri ABŞ-ın Discord-da sızdırıldığı güman edilən "gizli fevral proqnozu” ilə üst-üstə düşür. Orada deyilirdi ki, texnika və canlı qüvvənin çatışmazlığı hücumun avqusta qədər Krıma quru yolunu yarmaq məqsədinə çatmaqdan "çox uzaqda" qalacağı anlamına gələ bilər.
Bu qiymətləndirmədə Melitopol və ya Mariupol "Rusiyanın Krıma torpaq girişindən məhrum etmək” hədəfləri kimi müəyyən edilir.
"Şanslar azdır. Müdafiə Nazirliyinin rəsmilərindən biri deyib ki, Ukrayna hər şeyin, o cümlədən əsgərlərin istiliklə, qida və sursatla təminatının xeyli çətinləşdiyi qış aylarında tarixi normaları pozaraq hücumu davam etdirə bilər”, - The Washington Post-un məqaləsində deyilir.  
Nizami Bağırov