Bir qrup amerikalı hərbçi Moldova ordusunun briqadalarından birinin əsgərlərinin təlimi və hazırlanmasına kömək edəcək.
Qaynarinfo Moldova Müdafiə Nazirliyinin məlumatına
istinadla xəbər verir ki, ABŞ-ın Təhlükəsizlik Qüvvələrinə Dəstək Briqadasının ekspertlər qrupu Kişinyova gələcək.
Səfər zamanı Stefan Çel Mare adına motoatıcı briqadanın hərbi qulluqçularının fərdi və kollektiv hazırlığı üzrə təlim və dəstək planlaşdırılıb.
Təlimlər Moldova Milli Ordusu ilə ABŞ arasında ikitərəfli əməkdaşlıq planı çərçivəsində həyata keçiriləcək.
Xatırladaq ki, fevralın 9-da prezident Vladimir Zelenski bildirib ki, Ukrayna kəşfiyyatı Rusiyanın Moldovada siyasi sabitliyi pozmaq planını ələ keçirib. Fevralın 20-də o, Moskvanın Moldovada dövlət çevrilişi etmək, Kişinyovdakı hava limanını ələ keçirmək və ordusunu onun vasitəsilə keçirmək imkanlarını planlaşdırdığını bildirib.
Bunu sonradan Moldovanın yeni baş naziri Dorin Reçen də təsdiqləyib və o, Dnestryanı bölgənin demilitarizasiyasını və rus qoşunlarının oradan çıxarılması fikrini müdafiə edib.
Moldova İnformasiya Təhlükəsizliyi Xidmətinin rəhbəri Aleksandr Mustiata bəyan edib ki, Rusiya 2023-cü ilin əvvəlində Moldovaya hücuma keçə bilər. Polşa Xarici İşlər Nazirliyi bildirib ki, Polşa, Baltikyanı ölkələr və Moldova "Kreml hədəfləri” siyahısındadır, lakin yaxın gələcəkdə Rusiyanın yeni hücumu olmayacaq.
Alpər