"Bütün bunlar artıq Donald Trampın Vladimir Putinə inanmadığını göstərir. ABŞ prezidenti anladı ki, Putin sülhdə maraqlı deyil, müharibənin davam etməsini istəyir. Bu baxımdan da Tramp Rusiya liderilə bağlı ritorikanı dəyişib".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenski ilə Nyu-Yorkda birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirləri şərh edərkən deyib.
"BMT sessiyası çərçivəsində Tramp açıq şəkildə bildirdi ki, Rusiya gücsüzdür, bu ölkə müharibəni imitasiya edir, əslində isə onu aparmaq iqtidarında deyil. Tramp hətta Avropanın birləşmiş dəstəyilə Ukraynanın əvvəlki sərhədlərinə qayıtmasının mümkünlüyünü də bəyan etdi", deyə ekspert bildirib.
Həmsöhbətimiz düşünür ki, bu açıqlama ilə Tramp birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyü və suverenliyinin bərpasına inandığını ortaya qoydu:
"Həmçinin o, vəd etdi ki, NATO vasitəsilə Ukraynanı istədiyi hər cür silahlarla təmin edəcək. Bu isə o deməkdir ki, Tramp Avropa ilə konsolidasiya şəraitində sahədəki reallığı Ukraynanın xeyrinə dəyişmək qərarına gəlib. ABŞ prezidenti həm də onun fərqindədir ki, Putinə etibar etmək, onunla sövdələşməyə getmək olmaz. Yəni Tramp artıq Putinlə sövdələşməyə uysa, heç bir qazanc əldə etməyəcəyinin fərqindədir. Tramp bu əsasda təkidlə Avropa ölkələrindən Rusiyadan neft və qaz almağı dayandırmağa da çağırır. Hesab edirəm ki, Tramp buna da nail olacaq. Bu yolla da Rusiyanı iqtisadi cəhətdən tam taqətdən salmaq və öz diktə etdiyi variantı ona qəbul etdirmək istəyir".
Üzeyir Şəfiyev qeyd edib ki, bu məsələdə ABŞ Avropa konsolidasiyası mümkün olmazsa, Rusiya ambissiyasından geri çəkilməyəcək, hətta Çin, Şimali Koreyanı da öz ətrafında birləşdirərək əks cəhbə yaradacaq.
Qeyd edək ki, ABŞ orezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə hələ də etibar edib-etməməsi ilə bağlı suala bir ay ərzində cavab verəcəyini söyləyib. O, bu fikri BMT Baş Assambleyası çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib. Jurnalistin "Siz hələ də Putinə etibar edə bilərsinizmi" sualına Tramp "Cavabı təxminən bir ay ərzində sizə bildirəcəyəm", deyə cavab verib.
Rüfət Sultan
Şərhlər