Birləşmiş Ştatlar Prezidenti Donald Trampın administrasiyası, adanın hakimiyyət orqanlarına təklif edilə biləcək potensial Qrenlandiya sövdələşməsi üzərində işləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Economist” nəşri
yazır.
Jurnalistlər qeyd edirlər ki, Ağ Ev "Azad Assosiasiya haqqında Müqavilə" bağlamaq imkanını nəzərdən keçirir. Amerikalıların fikrincə, belə bir format Qrenlandiya sakinlərinin həyat səviyyəsini yaxşılaşdırmağa kömək edəcək.
ABŞ analoji müqavilələri artıq Mikroneziya, Marşall adaları və Palau ilə bağlayıb. Vaşinqton bu ölkələrə maliyyə yardımı göstərir, onlar isə bunun müqabilində daxili muxtariyyətlərini qoruyub saxlamaqla müdafiə məsələlərini ABŞ-a həvalə edirlər.
Nəşr qeyd edir ki, ABŞ-ın strategiyasının iki məqsədi var: Danimarka ilə Qrenlandiya arasında mövcud olan ixtilafları gücləndirmək, həmçinin Kopenhageni dövrədən çıxararaq Qrenlandiya hakimiyyəti ilə birbaşa razılığa gəlməyə çalışmaq.
Qeyd olunur ki, Qrenlandiya ərazisində artıq Amerikanın hərbi bazası fəaliyyət göstərir. Danimarka ilə mövcud olan sazişlər isə ABŞ qoşunlarının sayına məhdudiyyət qoymur. Bununla belə, hərbi kontingentin əhəmiyyətli dərəcədə artırılması üçün ABŞ-a böyük ehtimalla Danimarka tərəfinin razılığı lazımdır.
Jurnalistlərin fikrincə, ABŞ-ın bəyanatları Avropa liderləri arasında narahatlıq yaratsa da, adanın birbaşa ilhaq edilməsi (birləşdirilməsi) senarisi reallıqdan uzaq görünür.
Bundan əvvəl AP agentliyinin jurnalistləri qeyd etmişdilər ki, ABŞ-ın Venesueladakı əməliyyatı Danimarkanın narahatlığını artırıb. Çünki Donald Tramp əvvəllər dəfələrlə Qrenlandiya ilə bağlı istəklərini bəyan edib. Nəşr xatırladır ki, ada faydalı qazıntılarla zəngindir.
Qeyd: Venesuela əməliyyatından sonra Tramp özü bəyan etmişdi ki, Qrenlandiya ABŞ-ın xaricdəki növbəti hərbi əməliyyat hədəfi ola bilər. O, bunu adanın Rusiya və Çin gəmiləri ilə əhatə olunması ilə əsaslandırıb.
Alpər
Şərhlər