ABŞ prezidenti Co Bayden ölkənin nüvə təhlükəsini azaltmaq naminə Rusiya, Çin və Şimali Koreya ilə danışıqlara hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, danışıqlar "ilkin şərtlər olmadan” mümkündür.
Qaynarinfo bu barədə Ağ Evə
istinadən xəbər verir.
Amerika prezidentinin müvafiq bəyanatı Nobel Sülh Mükafatı laureatlarını salamlayarkən səsləndirilib.
"Birləşmiş Ştatlar nüvə təhlükəsini azaltmaq naminə ilkin şərt olmadan Rusiya, Çin və Şimali Koreya ilə danışıqlara hazırdır”, deyə Bayden bildirib.
Onun sözlərinə görə, "nüvə arsenallarının azaldılmasında irəliləyişin” qarşısını almaq nə onların ölkələri, nə də dünya üçün heç bir fayda verməyəcək.
"Belə nüvə riskləri bizim birgə işlədiyimiz normaları və razılaşmaları pozur və bugünkü Nobel mükafatı laureatlarının həyati işlərinə ziddir”, deyə ABŞ prezidenti bildirib.
O, həmçinin bildirib ki, ötən il Xirosimaya (Yaponiya) səfər edərkən nüvə bombasından (1945-ci ilin avqustunda) sağ çıxan bir şəxslə söhbət edib.
Bayden əlavə edib ki, həmin insan ona xatırladıb ki, biz dünyanı tam və əbədi olaraq nüvə silahlarından təmizləyə biləcəyimiz günə doğru irəliləməyə davam etməliyik.
Nizami Bağırov
Şərhlər