ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, Rusiya neftinin qiymət "tavanı” 60 dollar civarında olmalıdır ki, Rusiyanın onun ixracından əldə etdiyi gəliri azalsın və hasilata zərbə vurmasın.
"Əlbəttə, bu diapazondakı qiymətlər Rusiyanın mənfəətlə neft hasil edə və sata biləcəyini hiss etmək üçün kifayət edər”, - Yellen Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının Vaşinqtonda keçirilən iclasında
deyib.
ABŞ-ın maliyyə naziri qeyd edib ki, Rusiya son 5-7 il ərzində nefti orta hesabla 60 dollar/barel satmağa hazır olub. Bu yaxınlarda Rusiyanın Urals markalı nefti 75 dollar ətrafında satılır ki, bu da Brent markasından 17 dollar aşağıdır. Yellen əlavə edib ki, Rusiyada neft hasilatının maya dəyəri "aşağıdır”.
ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemonun sözlərinə görə, Rusiya Brent markalı neftin dəyərindən aşağı qiymətlərlə müqavilələr bağlamağa çalışır. Bu, Rusiya neftinin qiymət həddi ilə bağlı müzakirələrin müəyyən təsir göstərdiyinə işarədir. "Məqsəd dünyanı neftin qlobal qiymət artımının nəticələrindən qorumaqdır”, - Yellen bildirib.
Amma OPEC+in neft hasilatının kvotalarını gündə 2 milyon barel azaltmaq qərarı Qərbin bu planlarını alt-üst edə bilər.
"Bloomberg vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verir ki, OPEC+in gözlənilməz qərarından sonra Rusiya neftinə qiymət həddi tətbiq etmək planı bazarda əks nəticə verə bilər, indi ABŞ prezident administrasiyasının bəzi üzvləri bundan narahatdırlar.
Buna baxmayaraq, plan üzərində iş davam edir və oktyabrın ikinci yarısında, bir neçə həftə ərzində, G7 ölkələri və Aİ-nin iştirakı xam neft və neft məhsulları üçün məhdudlaşdırıcı qiymət səviyyələrinin işlənəcəyi ilə bağlı substantiv danışıqlar aparılmalıdır, - agentlik yazır.
Plan bazarda kifayət qədər Rusiya neftini saxlamaq və qiymətlərin çox artmasına imkan verməmək, Rusiyanın onun satışından əldə etdiyi gəliri məhdudlaşdırmaqdır. Bəzi ABŞ rəsmiləri ehtiyat edirlər ki, OPEC+in tədarükü azaltmaq qərarı ABŞ-ın bazarı sabitləşdirmək səylərini sarsıda, volatilliyi artıra və qiymət həddinin tətbiqindən sonra neft qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Bloomberg mənbələrindən biri deyir ki, onlar Rusiyanın tədarükün azaldılması şəklində qisas alması ehtimalından da narahatdırlar.
Vaşinqtonda demək olar ki, hər gün bununla bağlı müzakirələr gedir və qiymət həddi mexanizmi hələ də ən yaxşı variant hesab olunur. Onu maliyyə naziri Canet Yellen, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, dövlət katibi Entoni Blinken və Baydenin özü dəstəkləyir.
Vladimir Putin və baş nazirin müavini Aleksandr Novak öz növbəsində bildiriblər ki, Rusiya neftin qiymətinə məhdudiyyət tətbiq edən ölkələrə satmayacaq. Novak bunu "ilk olaraq bunu tətbiq edəni vuracaq pis presedent" adlandırıb.
Nizami Bağırov