ABŞ maliyyə nazirinin müavini Uolli Adeymo "Bloomberg”ə müsahibəsində bildirib ki, bir barelin qiyməti 44 dollardan aşağı düşdükdə, Rusiyada neft hasilatı rentabelsiz olacaq.
Onun sözlərinə görə, Rusiya neftinin hasilatı üçün bu "kritik” səviyyə G7 ölkələrinin ötən həftə razılaşdığı Rusiya nefti üçün "qiymət tavanı” müzakirə edilərkən nəzərə alınır.
Nazirlikdə Rusiyaya qarşı sanksiya rejiminə əməl olunmasına nəzarət edən Adeymo bir barel üçün 44 dolların ABŞ Maliyyə Nazirliyinin öz təxmini olduğunu söyləyib.
"Biz Rusiyada istehsalın maya dəyərindən aşağı qiymətlər təyin etmək niyyətində deyilik", - deyə nazir müavini vurğulayıb və əlavə edib ki, bu qiymət səviyyəsi Rusiyanı istehsal etməyə həvəsləndirəcək, lakin onun gəlir əldə etməsinə imkan verməməlidir.
Çərşənbə günü Şərq İqtisadi Forumunda çıxış edən prezident Vladimir Putin Rusiya enerji təchizatına tavan tətbiq edilərsə, Avropaya enerji təchizatını tamamilə kəsəcəyini bildirib.
Nizami Bağırov