İndi çox nadir hallarda mediaya müsahibə verən ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays "Amerikanın səsi”nin Ukrayna xidmətinə eksklüziv müsahibəsində Rusiya qüvvələrini sıxışdırmaq üçün Ukraynaya bütün lazımi hərbi yardımı göstərməyə çağırıb.
O, indi Kremllə danışıqların nəticəsiz və ya Rusiya üçün faydalı olacağına inanır. Rays deyir ki, Putini təxribata çəkməklə bağlı narahatlıqlar tərəfdaşları qaydalara əsaslanan beynəlxalq sistemi dəstəkləmək üçün mübarizə aparan ukraynalılara kömək etməkdən çəkindirməməlidir.
Bu ayın əvvəlində Rays və keçmiş müdafiə naziri Robert M. Qeytsin "Vaşinqton Post” qəzetində yazdığı məqalədə ABŞ və müttəfiqlərini Ukraynaya Rusiya qüvvələrini geri çəkmək şansı vermək üçün hərbi yardımı, ilk növbədə mobil zirehli texnikanı kəskin şəkildə artırmağa çağırıb.
Rays əvvəlcə böyük Corc Buşun, sonra isə onun oğlunun administrasiyasında çalışaraq, ABŞ Milli Təhlükəsizlik Şurasına rəhbərlik edən ilk qadın (2001-2005) və ABŞ Dövlət katibi (2005-2009) vəzifəsini tutan ilk afro-amerikalı qadın olub. Bundan əlavə, o, karyerasına başladığı Stenford Universitetində dərs demək üçün bir neçə dəfə qayıdıb və hazırda Universitetdəki Huver İnstitutunda beyin mərkəzinə rəhbərlik edir.
Qaynarinfo Kondoliza Raysın müsahibəsini təqdim edir:
- ABŞ-ın keçmiş müdafiə naziri Robert Qeytslə "Washington Post” qəzetində dərc olunan birgə məqalənizdə Ukrayna üçün getdikcə daha güclü silahların verilməsinə çağırış etdiniz. ABŞ-da bəziləri, o cümlədən bir çox respublikaçılar hesab edirlər ki, ABŞ artıq Ukraynaya həddən artıq kömək edir.
- Mən deyərdim ki, biz Ukraynaya çox kömək edirik və daha çox kömək etmək üçün Konqres vasitəsilə vəsait ayırmışıq. Bu, daha çox təcili yardım üçün çağırışdır – biz Ukraynanı lazımi vasitələrlə təmin etməliyik ki, o, Rusiya təcavüzünü dəf etməyə davam edə bilsin. Əslində, biz yəqin ki, bir neçə ay əvvəl Ukraynanın hava hücumundan müdafiəsinə ehtiyac duyacağını güman edə bilərdik, çünki Vladimir Putinə yalnız terror taktikasından istifadə etmək və Ukraynanın mülki mərkəzlərinə raket zərbələri endirmək qalır. Biz bunu qabaqcadan görə bilərdik.
Gəlin qabağı görməyə çalışaq və Ukraynanı ehtiyacı olanlarla təmin edək. Birləşmiş Ştatlar yadda saxlamalıdır ki, biz gözlədiyimiz zaman - 1914, 1941 və 2001-ci illərdə - həmişə qoşun yeritməli olduq. Bu dəfə isə heç kim qoşun yeritməyimizi tələb etmir. Ukraynalılar kiçik qonşularını hərbi güclə məhv etməyin yolverilməz olduğu beynəlxalq sistemi qorumaq üçün döyüşməyə və əziyyət çəkməyə hazırdırlar; masa üzərində məhz bu var. Amerika rusiyalılara bunun yolverilməz olduğu dərsi verməkdə çox maraqlıdır.
- Bu varianta qarşı əsas arqumentlərdən biri odur ki, bu, Putini eskalasiyaya təhrik edə bilər, o cümlədən nüvə eskalasiyasına.
- Mən bilmirəm, Putini daha nəyə təhrik etmək olar. O, qonşusunu məhv etməyə çalışır. O, terror taktikasına əl atır. Onlar müharibə cinayətləri törədirlər. İnsanların Putini təxribata çəkə biləcəyinizi dediyini eşidəndə fikirləşirəm ki, o, daha nə edə bilər?
Nüvə silahları haqqında düşünürsünüzsə - bəli, bu, sıfır ehtimal deyil, amma düşünürəm ki, nə qədər qəribə səslənsə də, Putin, beynəlxalq nüfuzuna əhəmiyyət verir. Bu, Rusiyanı gələcəkdə nəhəng Şimali Koreyaya, yaramaz dövlətə çevirəcək. Təkcə biz deyil, həm hindlilər, həm çinlilər də Putinə xəbərdarlıq ediblər ki, nüvə variantını düşünməyə belə dəyməz. Özümüzü və ukraynalıları qeyri-mümkün hesab etdiyim şeyə görə məhdudlaşdıra bilmərik.
- Rəsmi ABŞ səviyyəsində olmasa da, müəyyən səviyyədə Ukraynanın Rusiya ilə danışıqlara artıq indiki mərhələdə başlamasına istək var - deyəsən, siz başqa cür düşünürsünüz.
- Bəli, danışıqlar və diplomatiya yerlərdə olan vəziyyətin ardınca gəlir. Biz əmin olmalıyıq ki, danışıqlar olanda, - son nəticədə bu belə də olacaq - Ukrayna ən güclü mövqedə olacaq. Amma indi deyil. Rusiyalıların yenidən Donetsk bölgəsinə təzyiq etdiyini görürük. Vladimir Putin Donbas və Luqansk vilayətini Rusiya əraziləri elan edib – o, danışıqlarda ərazilərin Rusiyadan alınmasına razılıq verməyəcək. İndi tələb olunan danışıqlar çox güman ki, nəticəsiz qalacaq və rusiyalıları yaxşı vəziyyətdə saxlayacaq, amma ukraynalılara öz qüvvələrini daha da irəli aparmağa şərait yaratsaq, bunun əksi olacaq.
Danışıqların nə vaxt başlayacağına qərar vermək mənim səlahiyyətimdə deyil. Mənə elə gəlir ki, müharibə cinayətlərindən, ərazilərinin dağıdılmasından əziyyət çəkən, Ukrayna vətəndaşlarının ruslar tərəfindən aparıldığını görən ukraynalılara indi danışıqlar aparmağı demək amerikalı olaraq haqq qazandıra biləcəyimiz bir şey deyil. İndi bizim işimiz Ukraynaya və özümüzə kömək etməkdir. Biz onlara sübut etməliyik ki, rusiyalıların etdiyi hərəkətlər 2023-cü ildə uğur qazana bilməz: bu fotolara baxanda sanki 1939-cu il olduğunu görürsən.
Gəlin əmin olaq ki, Ukrayna həm də bizim mübarizəmizi aparmaq üçün lazım olan hər şeyə malikdir.
- Siz Putinlə görüşmüsünüz və onunla tanışsınız. Sizcə o, indi rasional hərəkət edir? O, rasional dialoq apara bilər, yoxsa bu ona yaddır?
- O, nə etməyə çalışdığını başa düşməsi mənasında rasionaldır. Biz Rusiyanın prioritetlərində dəyişiklik gördük. Onlar əvvəlcə Kiyevə gedib Ukrayna hökumətini devirmək istədilər, sonra isə Odessa yaxınlığında Ukraynanı bölmək üçün şərq və cənuba qayıtmalı oldular. Ona görə də mən onun rasional olduğuna inanıram. Amma optimal olmaq o demək deyil ki, sizin ideoloji və hissiyyyatla bağlı ambisiyalarınız yoxdur. Hesab edirəm ki, söhbət Rusiya imperiyasının yenidən qurulmasından gedir və müstəqil Ukraynanın olması ilə Rusiya imperiyasının yenidən qurulması mümkün deyil. Putin üçün bunda dərin emosional bir şey var ki, bu da irrasionallıq demək deyil.
Amma bu o deməkdir ki, bu, hazırda onun düşüncə tərzində dərin emosional və bəlkə də müzakirə olunmayan bir şeydir. Ona görə də Ukraynaya kömək etmək lazımdır – qoy görsün ki, nə qədər buna nail olmaq istəsə də, bu, baş verməyəcək, bu, mümkün deyil. O zaman rasionallığın üstün olub-olmadığını görəcəyik.
- Siz 2008-ci ildə NATO-nun Buxarest Sammiti zamanı, Gürcüstan və Ukraynanın Üzvlük Fəaliyyət Planından imtina edildiyi zaman dövlət katibi olmusunuz. Geriyə baxanda, bunun səhv olduğunu düşünürsüzmü?
- Biz Buş administrasiyasında Buxarest sammitində Ukrayna və Gürcüstanın namizəd olmasını müdafiə etmişik. Amma NATO konsensus təşkilatıdır və bu barədə konsensus yox idi. Ona görə də biz o zaman əlimizdən gələni etdik, Ukrayna və Gürcüstanın bir gün NATO-nun bir hissəsi olacağını bəyan etdik.
Düşünürəm ki, indi ukraynalıların cəsarəti sayəsində Vladimir Putin bir işi görüb: o, faktiki olaraq Ukraynanı NATO-ya üzv kimi deyil, NATO-nun qoşunlardan başqa təmin edə biləcəyi hər şeydən faydalanan tərəf kimi yaxınlaşdırıb.
Bir nəfər deyib ki, Vladimir Putin bir il ərzində alman pasifizmini və İsveçin neytrallığını aradan qaldıra bilib. Düşünürəm ki, biz NATO-nu İsveç və Finlandiya ilə görəcəyik. 2008-ci ildə orda olanda bu barədə xəyal belə edə bilməzdim. Ukraynalılar bunun üçün böyük bədəl ödədilər, mən bunu aşağılamaq istəmirəm. Əgər biz Ukraynaya Rusiya təcavüzünü dəf etməyə kömək edə bilsək, yekun həll nə olursa-olsun, biz Avropanın simasını yaxşılığa doğru dəyişəcəyik. Buna görə Ukrayna xalqına minnətdar olmalıyıq.
- Bəs indi? Siz NATO-nun Ukraynanı hərbi əməliyyatlar bitməmişdən əvvəl üzv qəbul etməsini dəstəkləyərdinizmi?
- Düşünürəm ki, bunu etmək çətindir, çünki bu, zəmanət deməkdir və düzünü desəm, bunu yoxlamaq istəməzdim və Putinə bir növ mənəvi qələbə qazandırmaq istəməzdim. Hələlik, Bob Qeytslə qeyd etdiyimiz kimi, biz Ukraynanın müdafiəsinə tam sadiq olmalıyıq, ukraynalıların özlərini müdafiə edə bilmələri üçün təmin edə biləcəyimiz hər şeyi təmin etməliyik - biz burada olmalıyıq.
Ancaq vaxt gələcək, məncə, bunu prezident Zelenski deyib, biz gələcəkdə Ukraynanın təhlükəsizliyini necə təmin edəcəyimizi və təhlükəsizlik təminatının nədən ibarət olduğunu düşünməli olacağıq. Amma bu, gələcəyin işidir. Təcavüzü dəf etmək üçün indi mümkün olan hər şeyi edək və bunu təcili edək ki, müharibədən sonra yenidənqurma dövrünə gələndə Ukrayna daha güclü mövqedə olsun.
- Görünür, Ukrayna və ABŞ administrasiyaları arasında Ukraynanın qələbəsinin necə görünməsi – beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ukraynanın bütün ölkəyə nəzarətinin bərpası və Rusiyanın hərəkətlərinə görə məsuliyyət daşıması ilə bağlı güclü konsensus var. Bəs Rusiyanın məğlubiyyəti necə olmalıdır?
- Mən Rusiyanın məğlubiyyətindən danışmaq istəmirəm. Ümid edirəm ki, Rusiya nöqteyi-nəzərindən onların hələ öz məqsədlərinə çatmadığı anlayışı var. Hələ buna nail olmadıqlarına görə, bu, artıq onlar üçün məğlubiyyətdir. Bilirsiniz, Kiyevin beş günə çökəcəyini deyirdilər. Biz bilirik ki, rusiyalıların Kiyevdəki parad üçün geyim forması var idi. Rusiyanın ilkin məqsədləri baxımından, Ukrayna artıq çox şeyə nail olub. İndi Rusiyanın məqsədi qeyri-qanuni ilhaq etdikləri əraziləri əldə saxlamaqdır. Bu, bizim qarşımızda duran növbəti məqsəddir - rusiyalıları nəzərdə tutulan ambisiyalarından uzaqlaşdırmaq. Müharibə dövründə uzunmüddətli məqsədləri yadda saxlamaq yaxşıdır, lakin qısamüddətli məqsədlərə nail olmaq daha vacibdir.
- ABŞ administrasiyası və ekspert icması 1991-ci ildəki vəziyyətin təkrarlamaması üçün Rusiyanın dağılması ehtimalına hazırlaşmalıdırmı?
- Şübhəsiz ki, biz bütün variantlara hazırlaşmalıyıq, amma yenə də ümid edirəm ki, vaxt gələcək, başqa bir Rusiya yaranacaq. Bütün bu şeylər başlayanda bir çox insan Rusiyanı tərk etdi - gənc sahibkarlar, biliklərə əsaslanan inqilabın bir hissəsi olmaq istəyən insanlar. Mən Stenforddakı dərslərimdə bu rusiyalılardan bəzilərinə dərs demişəm. Nə vaxtsa başqa bir Rusiya olacaq və ümid edirəm ki, bu, sülh yolu ilə baş verəcək.
- 2008-ci ilə qayıtsaq, sizcə, Putinin Gürcüstandakı təcavüzünə cavab 2014-cü ildə Krımın ilhaqına olduğu kimi daha güclü olmalıydımı? Sizcə, Buş administrasiyası və Obama administrasiyası kifayət qədər qətiyyətli hərəkət etdilərmi və Putinin genişmiqyaslı işğalı üçün şərait yaratdılarmı?
- Gürcüstanla bağlı daha nə edə biləcəyimizi bilmirəm. Düzünü desəm, mən hesab edirəm ki, biz Rusiyanın Tiflisi almaq ambisiyalarını dayandırdıq. Onlar açıq şəkildə Saakaşvilini devirmək istəyirdilər. Fürsətdən istifadə edib, xəstə və həbsdə olan Mişa Saakaşvilinin adından Gürcüstana müraciət edirəm. Ümid edirəm ki, bir gün bu insanın tarixi rolu, humanitar şəraiti başa düşüləcək. Amma biz onları Tbilisidə dayandırdıq. Gürcüstan müstəqil dövlət olaraq qaldı. Bəli, Rusiya Abxaziya və Cənubi Osetiya ərazilərini ələ keçirə bildi, lakin təəssüf ki, onlar artıq sülhməramlılar kimi orada idilər, bu, çox əvvəllərin səhvi idi. Mən Gürcüstandan sonra sanksiyaların sərtləşdirilməsini istərdim, amma bildiyiniz kimi, biz maliyyə böhranına düşdük, başqa iqtisadi problemlər də var idi.
Krım zamanı bəlkə də daha güclü sanksiyalar ola bilərdi. Krımla bağlı deyəcəyim yeganə şey odur ki, biz – Avropa, ABŞ və ukraynalılar Krımın ilhaqından indiki vaxta qədərki zamanı çox güclü Ukrayna müdafiə qüvvələrinin yaradılmasına istifadə etmişik. Ukrayna ordusu müasir ordu kimi döyüşür; hiyləgərliklə, manevrlə döyüşürlər, ona görə də rusiyalıların belə problemləri var, çünki onlar 20-19-cu əsrin qüvvəsi kimi döyüşürlər. Hesab edirəm ki, Ukrayna Krımın ilhaqından sonra güclənib. Düşünürəm ki, Ukrayna bəzi daxili münaqişələrini həll etməyə başlayıb və açıq-aydın, hətta şərqdə olanlar arasında da güclü Ukrayna milli kimliyi hissi var. Daha çox iş görəcəyimizə ümid etsəm də, yenə də bu zamanı boş yerə xərcləmədik.
- Ukraynalıların reaksiyası sizi təəccübləndirdimi və birbaşa ukraynalılara nə demək istərdiniz?
- Hər kəs Ukraynanın imkanlarına təəccübləndi, reaksiyasına yox. Mən dəfələrlə Kiyevdə olmuşam, Ukraynanın başqa yerlərində olmuşam. Mən Ukrayna xalqının kimliyinin nə qədər güclü olduğunu bilirəm. Onların rus dilindən çox fərqli olan dillərini nə qədər çox sevdiklərini bilirəm. İnsanlara deyirəm ki, rus dilini çox yaxşı bilirəm, amma ukrayna dili rus dilindən fərqləndiyi üçün səhv edə bilərəm. Bəli, bütün bunları bilirəm. Amma ölkənin birliyi, fədakarlığa hazırlığı, Ukrayna qoşunlarının məharəti təəccüblüdür. Mən Ukrayna xalqına "təşəkkür edirəm” deyərdim. Bütün bu illər ərzində bəyan etdiyimiz prinsipləri və dəyərləri - fərdi azadlıq, azadlıq və gələcəyinizi təyin etmək hüququnu müdafiə etdiyiniz üçün təşəkkür edirik.
İnanıram ki, Amerika sizinlədir. İnanıram ki, amerikalılar sizinlədirlər. Mən çox minnətdaram ki, ukraynalılar məhz belə reaksiya verdilər. Bu, çox çətindir və şübhəsiz ki, bundan sonra da çətin olacaq. Amma ümid edirəm, Ukrayna xalqı da mənim kimi inanır ki, təcavüzkarın qarşısı alındıqda və yenidənqurma vaxtı gələndə biz sizinlə olacağıq.
Tərcümə: Nizami Bağırov
Qaynarinfo