Xəbər lenti

ABŞ-sız müharibə: Avropa İttifaqı yeni kollektiv müdafiə sistemi yaradır
Dünya 18:05 25.04.2026

ABŞ-sız müharibə: Avropa İttifaqı yeni kollektiv müdafiə sistemi yaradır

Avropa İttifaqı (Aİ) üzv ölkələrə həm ABŞ-nin iştirakı ilə, həm də onsuz hərbi hücumların qarşısını almaqda kömək edəcək yeni planlar hazırlayır. 

Qaynarinfo "Bloomberg"ə istinadən xəbər verir ki, Aİ rəsmiləri istənilən üzv dövlətə qarşı hücum zamanı birgə reaksiya mexanizmi formalaşdırır. Bu mexanizm həm ənənəvi hərbi əməliyyatları, həm kiberhücumları, həm də Belarusun Polşa sərhədində istifadə etdiyi "miqrasiya silahı” kimi qeyri-ənənəvi təzyiq vasitələrini əhatə edəcək.

Avropa Şurasının prezidenti Antoniu Koşta bildirib ki, Aİ-nin baş diplomatı Kaya Kallas liderləri bu təşəbbüslə bağlı Kiproda keçirilən sammit zamanı məlumatlandırıb. Kallasın sözlərinə görə, məqsəd qarşılıqlı müdafiə maddəsinin praktikada necə işləyəcəyini dəqiq müəyyənləşdirməkdir.

"Biz bu maddənin (klauzulanın) praktikada necə işləyəcəyi barədə ümumi anlayışa malik olmalıyıq. O, nəzəri səviyyədən real mexanizmə çevrilməlidir”, deyə Kallas bildirib.

Aİ liderləri bu təşəbbüsü dəstəkləyib, Kipr prezidenti Nikos Kristodulidis bildirib. Kipr NATO üzvü deyil və Yaxın Şərqdəki münaqişə zonalarına ən yaxın Aİ ölkələrindən biridir. Məlumatlara görə, may ayının əvvəlində İran dronu adadakı Britaniya hərbi bazasına da zərbə endirib.

Kristodulidis Aİ-nin müqaviləsindəki 42.7 maddəsinə istinad edərək bildirib: "Bir sıra suallar var. Məsələn, Fransa bu maddəni işə salarsa, hansı ölkələr ilk reaksiya verəcək?”

Aİ müqaviləsinin 42.7 maddəsinə əsasən, əgər üzv dövlət "öz ərazisində silahlı hücuma məruz qalarsa”, digər ölkələr "bütün mümkün vasitələrlə yardım göstərmək öhdəliyi” daşıyır.

Qeyd olunur ki, bu maddə kağız üzərində NATO-nun 5-ci maddəsindən daha sərt görünsə də, Avropa İttifaqının NATO kimi vahid hərbi struktur və ABŞ ilə sıx inteqrasiya olunmuş müdafiə infrastrukturuna malik olmadığı vurğulanır. Bu maddə yalnız bir dəfə – 2015-ci ildə Fransada baş verən terror hücumlarından sonra tətbiq olunub.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə bildirib ki, müqavilədə bu mexanizmin praktik icrası dəqiq müəyyən edilməyib.

Eyni zamanda Ukrayna Prezidenti Volodimir Zelenski Avropanın bir il ərzində öz "Patriot” tipli hava hücumundan müdafiə sistemini yaratmalı olduğunu bildirib. Onun sözlərinə görə, Avropa artıq bu sistemlərin istehsalı üçün zəruri lisenziyalara malikdir.

"Biz bir il ərzində öz antibalistik müdafiə sistemimizi yaratmalıyıq. Bu realdır, çətindir, amma mümkündür”, deyə Zelenski vurğulayıb.

"The Wall Street Journal" isə yazır ki, ABŞ prezidenti Donald Trampın NATO-dan çıxmaq ehtimalı Avropada "ehtiyat plan”ların hazırlanmasını sürətləndirib. Qeyri-rəsmi müzakirələrdə "Avropa NATO-su” ideyası gündəmdədir.

"Bu planlar Avropanın ABŞ-yə etibarla bağlı narahatlığının dərinliyini göstərir. Onlar Trampın NATO üzvü Danimarkanın Qrenlandiyasını ələ keçirməklə hədələməsindən sonra daha da aktuallaşıb”, deyə nəşr qeyd edib.

Aydın

--> -->