ABŞ Müdafiə Nazirliyinin cari maliyyə ili üçün təqdim etdiyi 67 milyard dollarlıq fövqəladə maliyyələşdirmə sorğusuna ən müasir raket sistemlərinin ehtiyatlarının bərpası məqsədilə 18,2 milyard dolların ayrılması daxildir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" Konqresə təqdim olunmuş sənədlərə istinadən məlumat yayıb.
Məlumata görə, vəsait ABŞ Hərbi Dəniz Qüvvələrinin "Patriot" zenit-raket kompleksləri, "Tomahawk" qanadlı raketləri və ordunun "THAAD" yüksək sürətli raket əleyhinə müdafiə sistemləri üçün nəzərdə tutulub.
Sənədlərdə göstərilir ki, ayrılacaq vəsaitin həcmi "RTX Corp." tərəfindən istehsal olunan "Standard Missile" raket ailəsinin üç versiyası üçün 3,28 milyard dollardan başlayaraq, hələ silahlanmaya qəbul edilməmiş "Lockheed Martin" şirkətinin məxfi "Joint Advanced Tactical Missile" zenit-raket sistemi üçün 100 milyon dollara qədər dəyişir.
Bu göstəricilər Pentaqon tərəfindən hazırlanaraq Senatın və Nümayəndələr Palatasının müdafiə komitələrinə təqdim olunan sənədlərdə yer alıb. Onlar ABŞ Silahlı Qüvvələrinin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar və İranın bölgədəki Amerika bazalarına pilotsuz uçuş aparatları və raketlərlə endirdiyi zərbələrin dəf edilməsindən sonra ölkənin silah ehtiyatları ilə bağlı narahatlıqları əks etdirir.
Məlumatlar həmçinin analitiklərə fevralın 28-də başlayan müharibədən aprel ayında əldə olunan atəşkəsədək İran hədəflərinə atılmış 13 629 döyüş sursatının tərkibini daha dəqiq qiymətləndirməyə imkan verəcək.
ABŞ Prezidenti Donald Tramp Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib ki, ölkənin müdafiə podratçıları tarixdə görünməmiş həcmdə döyüş sursatı istehsal edirlər.
"Biz dünyanın ən yaxşı hərbi texnikasına sahibik, lakin istehsalın daha da sürətlənməsini istəyirik", deyə Tramp vurğulayıb.
İyulun 21-də Senatın Mənimsəmələr Komitəsinə göndərdiyi yazılı müraciətdə ABŞ müdafiə naziri Pit Heqset qeyd edib ki, maliyyələşdirmə sorğusuna yüksək texnologiyalı raketlərin və daha ucuz yeni sursatların sürətlə alınması üçün 21 milyard dollar daxil edilib. Buraya uzaqmənzilli GPS idarəetməli "JDAM" sursatları və yeni yerüstü konteyner tipli ucuz döyüş sursatları daxildir. Lakin bu istiqamətə ümumi məbləğin yalnız təxminən 3 milyard dolları ayrılır.
"Bloomberg"in məlumatına görə, qalan 18,2 milyard dollar ABŞ qanunvericilərinin, Pentaqon rəsmilərinin və analitiklərin fikrincə, ehtiyatı təhlükəli dərəcədə azalmış yüksək texnologiyalı silah sistemlərinin alınmasına yönəldiləcək.
Bu məbləğdən:
* "Lockheed Martin" istehsalı olan "THAAD" raketləri üçün 5,75 milyard dollar;
* "Patriot Missile Segment Enhancement (MSE)" raketləri üçün 5,57 milyard dollar;
* "Standard Missile-6 (SM-6)" raketləri üçün 1,9 milyard dollar;
* "Tomahawk" qanadlı raketləri üçün 1,3 milyard dollar;
* "SM-3 Block IIA" raketləri üçün 1 milyard dollar;
* "Advanced Medium-Range Air-to-Air Missiles (AMRAAM)" raketləri üçün 992 milyon dollar;
* "Precision Strike Missile" raketləri üçün isə 692 milyon dollar ayrılması planlaşdırılır.
Bundan əlavə, Pentaqonun ümumi 1,5 trilyon dollarlıq büdcə sorğusunda 484 "THAAD" sistemi üçün 11,4 milyard dollar, 3 203 "Patriot MSE" raketi üçün isə 14 milyard dollar nəzərdə tutulub. Həmçinin "Castelion" müdafiə startapının hazırladığı "Blackbeard" adlı kiçikölçülü hipersəs raketinin tədqiqat və inkişaf işlərinə 333 milyon dollar ayrılması təklif edilir.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin analitiki Kris Parkın hesablamalarına görə, ayrılması istənilən vəsait hesabına aşağıdakı sayda raket əldə etmək mümkündür:
* 1 137 ədəd "PAC-3 MSE";
* 479 ədəd "THAAD";
* 462 ədəd yerüstü hədəflər üçün "Tomahawk (TLAM)";
* 433 ədəd "Precision Strike Missile";
* 442 ədəd "SM-6".
Müdafiə İnformasiya Mərkəzinin analitiki və ehtiyatda olan dəniz piyadası Virciniya Berqer isə bildirib ki, bu rəqəmlər "Epic Fury" əməliyyatı zamanı istifadə olunan raketlərin dəqiq sayını əks etdirmir.
"Bu göstəriciləri əməliyyat zamanı buraxılmış raketlərin birbaşa göstəricisi kimi deyil, Pentaqonun hazırkı şəraitdə Konqresdən mümkün qədər çox maliyyə almaq cəhdi kimi qiymətləndirərdim", deyə o bildirib.
Berqerin sözlərinə görə, bəzi silah növləri, xüsusilə "Tomahawk", "SM-6" və "SM-3 Block IIA" üzrə sorğular istifadə olunmuş ehtimal olunan raket sayını tam əhatə etmir. Bununla belə, "PAC-3 MSE" və "THAAD" raketləri üzrə təqdim edilən rəqəmlər onun hesablamalarına kifayət qədər yaxındır.
Aydın
Şərhlər