Hüseynbala Səlimov
Bütün bu günlər ərzində, xüsusən də ötən həftənin sonunda hamının diqqəti "böyük iyirmiliy”in Romada keçirilən sammitinə yönəlmişdi.
Etiraf edək ki, biz daha çox ABŞ və Türkiyə prezidentlərinin dialoqunu izləyirdik. Demək olmaz ki, marağımız tamam təmin olundu. Yox, KİV-lər ABŞ və Türkiyə prezidentlərinin görüşü haqqında da xəbərlər yayırdılar. Hətta bunu da eşitdik ki, Türkiyə prezidenti orada Cənubi Qafqazda yaratmaq istədikləri "altılıq formatı” haqqında danışıb. Amma prezidentlərin müzakirə etdikləri məsələlərin böyük hissəsi, demək olar ki, bağlı qapılar arxasında qaldı.
Prezidentlər arasındakı birbaşa, qeyri-protokol münasibətləri daha çox maraq doğururdu.
ABŞ-ı indi yeni prezident idarə edir və belə gözlənilir ki, o, iki müttəfiq arasında pozulmuş münasibətləri yenidən sahmana sala biləcək.
Bəli, Ərdoğanın hakimiyyəti illərində iki ölkə arasında problemlər yarandı, daha doğrusu, onlar qabarıq forma aldı. Əlbəttə, hər şeyi onun üzərinə yıxmaq məsələnin ən asanıdır. Hazırda əsas müxalifət partiyası məhz belə edir. Amma məsələ həqiqətənmi belədir?
Sözsüz ki, yox. Vaxtilə prezident Donald Tramp özü etiraf etmişdi ki, münasibətlərin pisləşməsində Obama administrasiyasının rolu heç də az olmayıb.
Məhz onlar Ankaraya zenit-raket komplekslərini – Petriotları satmadı və buna cavab olaraq Türkiyə onları kənarda axtarmağa başladı və son nəticədə də onun seçimi Rusiya oldu.
İndi əsas müxalifətçi partiya – Cümhuriyyət Xalq Partiyası Ərdoğanın xarici siyasət kursunu, xüsusən də onun ABŞ-la əlaqələrini hər gün kəskin tənqid edir. Elektoratın da bir hissəsi belə hesab edir ki, əgər hakimiyyətə Cümhuriyyət Xalq Partiyasi gəlsə, o, ABŞ-la münasibətləri yeniləyəcək.
Amma biz buna inana bilmirik. Vaxtilə prezident Obama demişdi ki, Ərdoğan yaxşı müsəlman idi, yəni artıq yaxşı müsəlman deyil. Bir qədər sonra məlum oldu ki, amerikalılar üçün indi yaxşı müsəlman rolunu dini moizəçi Fətulla Gülən oynayır.
Artıq xeyli vaxt keçib. Bu müddət ərzində prezident R.T.Ərdoğan çox şeyə cəhd elədi.
Birincisi, Avropa İttifaqına inteqrasiya olunmağa çalışdı. Amma Aİ yubilieyini Vatikanda keçirməklə hansı Avropanı qurmağa çalışdıqlarına birmənalı işarə etdi.
Eyni sözləri ABŞ-la münasibətlərlə bağlı da demək olardı. Zenit - raket kompleksləri məsələsinə artıq toxunduq.
Amma bu, iki müttəfiqin münasibətlərində islah olunmağı lazım gələn heç də yeganə məsələ deyil.
Birincisi, Yaxın Şərqin gələcək arxitekturası ilə bağlı dərin fikir ayrılığı var.
ABŞ ön plana İsraili, müsəlman dövlətlərindən isə monarxist Səudiyyə Ərəbistanını çıxramaq istəyir. Üstəlik, İsrail-Ərəb münaqişəsinin həll planları ilə də bağlı ümumi razılıq yoxdur. İkinicisi, kürd məsələsi də az problem yaratmır. Üçüncüsü, Türkiyə İrana qarşı sanksiyalara elə də dəstək vermir, hərçənd, İran bu diqqətə layiq ölkə deyil...
Ona görə də düşünmək ki, Türkiyədə hakimiyyət dəyişəndən sonra münasibətlər vektoru pozitiv istiqamətə yönələcək, bu, tələsik bir nəticə olardı. Çox təəssüf ki, dövlətlərin siyasətində müsəlman amili özünün daha çox neqativ tərəfilə sezilir. Yəni böyük dövlətlər, o cümlədən də ABŞ müsəlman ölkələrinə elə də səmimi yanaşmırlar, onların inkişafını arzulamırlar, onları dalana sıxışdırmağa çalışırlar. Ona görə də müsəlman ölkələri, eləcə də Türkiyə, özlərinin immunitetlərini yaratmalı və effektiv müdafiə olunmalıdırlar.
Əslində Türkiyə digər müsəlman dövlətləri üçün nümunə ola bilərdi və böyük ölkələr də bunu nəzərə alardılar. Amma təəssüf! Bütün bunlar ilk soyuq müharibə dövründə qaldı. O vaxt Türkiyəni Qərb dövlətlərilə çox şey birləşdirirdi. İndi isə bunlar yoxdur...
Siyasi filosofların rəyincə, inkişaf spiral üzrə baş verir. Bu mənada demək olar ki, Türkiyə və ABŞ öz münasibətlərinin təftişinə təkrar baxmalı olacaqlar. Ümid edək ki, o vaxt bir çox sualların, eləcə də "Niyə axı Ankaraya zenit–raket komplekslərini və F-35 təyyarələrini satmaq olmaz” kimi sualların da cavabı veriləcəkdir...