ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyanın "işğal hazırlığı” ilə əlaqədar Ukraynaya hərbi müşavirlər və silah göndərə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, Ukraynaya verilən silahlar arasında "Javelin” tank əleyhinə raketlər və minaatanlar ola bilər, "Stinger” portativ zenit-raket komplekslərinin göndərilməsi imkanları da nəzərdən keçirilir. Bundan əlavə, Pentaqon Əfqanıstan üçün nəzərdə tutulmuş bəzi texnikanı, xüsusən də Mİ-17 helikopterlərini Ukraynaya göndərmək istəyir.
Eyni zamanda, administrasiyadakı bəzi məmurlar ABŞ-ın Ukraynaya hərbi texnika göndərməsini Rusiyanın "ciddi eskalasiya” kimi qiymətləndirə biləcəyindən ehtiyat edirlər. Həmçinin məlumata görə, ABŞ hakimiyyəti regiona bir neçə hərbi məsləhətçi göndərmək imkanını müzakirə edir, lakin Ukraynanın özünə kiminsə gedəcəyi bəlli deyil.
Bundan əlavə, avropalı müttəfiqləri ilə Rusiyanın Ukrayna ərazisini işğal edəcəyi təqdirdə qüvvəyə minəcək yeni sanksiyalar paketi üzrə danışıqlardan söz açılıb.
Xatırladaq ki, daha əvvəl Dövlət Departamentinin nümayəndəsi Ned Prays regionda vəziyyətin gərginləşəcəyi təqdirdə görülə biləcək mümkün tədbirləri şərh etməkdən imtina edib.
Xəyal