Milli Şuranın dünən keçirilən sessiyasında qurumun Açıq Cəmiyyət Partiyasından olan üzvləri ilə sabiq deputat Gültəkin Hacıbəyli arasında qalmaqal yaşanıb.
Milli Şuradakı mənbənin AzNews.az-a verdiyi məlumata görə, qalmaqal G.Hacıbəyli çıxış edərkən baş verib. Belə ki, sabiq deputat Milli Şuranın ehtiyat namizədi ilə bağlı çıxış edərkən Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər ilk öncə xanım siyasətçiyə etikadan kənar reaksiya verib, daha sonra isə nümayişkaranə şəkildə zalı tərk edərək, G.Hacıbəylinin çıxışına qulaq asmaq istəmədiyini göstərib. S.Əkbərin atmacasına cavab vermək istəyən G.Hacıbəyli isə zalı tərk etmək istəyən ACP sədrinə müraciətlə “Sülhəddin bəy, istəyirəm, siz məni dinləyəsiniz” deyib. S.Əkbər isə sabiq deputata qeyri-adekvat cavab verib: “Bilirəm nə deyəcəksən, mən eşitmək istəmirəm”.
Bunun ardınca isə ACP-nin Milli Şurada təmsil olunan xanım üzvü Zəminə Dünyamalıyeva G.Hacıbəyliyə yerdən replika atıb. Z.Dünyamalıyeva sabiq deputatı özünü reklam etməkdə ittiham edib: “Özünü reklam etmək istəyirsən, get, başqa yerdə elə”. G.Hacıbəylinin Z.Dünyamalıyevaya xitabən “adamın mədəniyyəti olar” replikasına isə ACP üzvünün cavabı çox sərt və gözlənilməz olub. S.Əkbərin sədri olduğu partiyanın funksioneri G.Hacıbəyliyə bir sıra küçə jarqonları ilə cavab verib. Sabiq deputat isə Z.Dünyamalıyevanın bu ifadələri qarşısında səssiz qalıb, ona cavab verməməyi üstün tutub.
Mənbə deyir ki, Z.Dünyamalıyevaya cavab verməyərək çıxışına davam etmək istəyən G.Hacıbəyliyə zalda ACP və Azərbaycan Liberal Partiyasının üzvləri mane olmağa, ona yerdən söz atmağa başlayıblar. Sabiq deputat isə yerdən olan atmacalara heç bir reaksiya verməyərək çıxışını yekunlaşdırıb.
Qaynar.info