
Milli Məclisin üzvü Adil Əliyev facebook-da şikayət dolu status yazıb.
Musavat.com-un məlumatına görə, deputat bunları yazıb:
“Hərdən fikirləşirəm ki, paxıl adamlar özünü gözləməyi bacarmır: bu adamlar dəlil-sübut olmadan ittiham və mühakimə edir, başqalarının qüsurlarını üfürüb şişirir, ən kiçik səhvi cinayət səviyyəsinə qaldırır. Ən danılmaz fəzilətlərə kin və qəzəblə hücum çəkirlər. Başa düşə bilmirəm ki, daşım niyə belə ağırdır və bu nifrət mənə qarşı hardan qaynaqlanır. Kimsə mənim xoşuma gəlməyə bilər. Ancaq mən heç vaxt insanlara qarşı kin saxlamamışam, onlarla üz-üzə gəlməklə kifayətlənmişəm.
Əgər kiməsə yaxşılıq etməmişəmsə, bu, o demək deyil ki, mən pis adamam. Bəziləri bilməlidirlər ki, mən Dövlətimə lazım olan yerdə xidmət etmişəm. Dostlar, mən vicdanım qarşısında təmizəm. Vicdan isə daxilimdəki Allahın səsidir. Allah millətimizi qorusun, arzusuna çatdırsın. Kimsə mənə Vətənimi, Dövlətimi, Xalqımı və Prezidentimi sevməyi qadağan edə bilməz”.
Adil Əliyevin statusu kimə ünvanladığı məlum deyil.
Qaynar.info