Xəbər lenti

ADP Milli Şuranı gözləyir
Siyasət13:03 07.08.2013

ADP Milli Şuranı gözləyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sərdar Cəlaloğlu: “Özləri iştirak edirlərsə, demokratikdir, şəffafdır, başqaları iştirak edirsə, satqınlıqdır, xəyanətdir deyirlər”

“Milli Şuranın işində qeyri-müəyyənlik var. Biz də Milli Şuraya daxil olan demokratik qüvvələrə həmrəylik nümayiş etdirərək onların namizədlə bağlı problemlərinin həll edilməsini gözləyirik. Onlar son qərarlarını verdikdən sonra biz də buna müvafiq olaraq qərar qəbul edəcəyik”.

Bunu Qaynar.info-ya Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Seçkilərdə iştirak edəcəksinizmi?” sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, “Qarabağ” blokundan Ümid Partiyası namizədliyini irəli sürüb: “Bu gün “Qarabağ” blokunda olan Ümid Partiyasının qurultayı keçirildi. Qurultayda İqbal bəy öz namizədliyini irəli sürdü. “Qarabağ” bloku seçkidə iştirak edəcəksə, seçki blokuna çevrilməlidir. Bu da mürəkkəb bir prosedurdur. Fikrimiz belədir ki, müxalifət seçkidə bir neçə namizədlə iştirak edəcəksə, biz də öz namizədimizlə seçkiyə qoşulaq. Əsas Milli Şuranın namizədlə bağlı qərarını gözləyirik. Biz demokratik qüvvəyik, hansısa namizədin problemi varsa, bundan sui-istifadə etmək demokratik vicdana yaraşmır”.

ADP sədri qeyd edib ki, partiya Milli Şuraya görə yubanır: “Gözləyirik ki, Milli Şurada özləri desinlər, ya alınmadı, ya da hansısa formada gedirlər. Sonra deməsinlər ki, problemlər oldu, hökumət bizi sıxışdırdı, seçkiyə getsəydik, qalib gələrdik, siz qatıldınız məğlub oldunuz. Bilirsiz, müxalifətdə belə şeylər var, özləri iştirak edəcəklərsə, demokratikdir, şəffafdır, başqaları iştirak edirsə, satqınlıqdır, xəyanətdir deyirlər. Bizim öz aramızda həmrəylik olmayacaqsa, başqa qüvvələrdən nə fərqimiz oldu. Bütün bunlara baxmayaraq, təbii ki, Milli Şuranı müdafiə etmək fikrimiz yoxdur”.

İlkin
Qaynar.info