Xəbər lenti

Aerodromlarına endirilən zərbələr Rusiyanın Ukraynaya hücumlarına necə təsir edəcək? - ISW
Dünya 12:52 02.06.2025

Aerodromlarına endirilən zərbələr Rusiyanın Ukraynaya hücumlarına necə təsir edəcək? - ISW

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) iyunun 1-də həyata keçirdiyi xüsusi əməliyyat Rusiyanın strateji aviasiyasına qarşı yönəlib və bu, heç olmasa, müvəqqəti olaraq Rusiyanın Ukraynaya qarşı uzaqmənzilli raket və dron hücumlarını məhdudlaşdıra bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

ISW analitiklərinin fikrincə, əməliyyat Tu-95 və Tu-22M3 strateji bombardmançılarını, həmçinin Rusiyanın Ukrayna hava hücumundan müdafiə sistemlərini müəyyən etmək və döyüş təyyarələrinin idarəsini koordinasiya etmək üçün istifadə etdiyi uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə sistemlərini hədəfə alıb.

Hesabatda qeyd olunur ki, Ukrayna tərəfindən zədələnən və ya məhv edilən bu tip təyyarələrin əvəzlənməsi Rusiya üçün çətin olacaq. Kremlə yaxın hərbi blogerlərdən biri bildirib ki, Rusiyada artıq Tu-95 və Tu-22 bombardmançıları üçün yeni şassi istehsal olunmur və onların əvəzlənməsi mümkün deyil. "The Economist” isə iyunun 1-də yazıb ki, Rusiyanın hazırda cəmi 90-dan az aktiv Tu-22, Tu-95 və Tu-160 təyyarəsi qalıb.

Ukrayna mənbələrinin bildirdiyinə görə, Rusiya son zamanlar daha çox "Su” tipli qırıcı təyyarələrdən istifadə edir, çünki strateji bombardmançıları riskə atmaq istəmir. Bu isə ISW analitiklərinin fikrincə, Rusiyanın bu təyyarələrin azlığı ilə bağlı ciddi narahatlıq keçirdiyini göstərir.

Analitiklər əlavə edirlər ki, bundan əvvəl A-50 tipli rus təyyarəsinin vurulması da Rusiya aviasiyasının Ukrayna üzərində fəaliyyətini müvəqqəti məhdudlaşdırmışdı.

ISW-nin qiymətləndirməsinə görə, iyunun 1-dəki hücum Rusiya rəhbərliyini hava hücumundan müdafiə sistemlərini ölkə ərazisində daha geniş şəkildə yerləşdirmək və mümkün gələcək hücumlara daha çevik reaksiya verə biləcək mobil hava hücumundan müdafiə qrupları formalaşdırmaq ehtiyacını nəzərdən keçirməyə məcbur edəcək.

Xatırladaq ki, iyunun 1-də SBU "Pautina” kod adlı genişmiqyaslı xüsusi əməliyyat həyata keçirib. Əməliyyat nəticəsində Rusiyanın İrkutsk, Murmansk, İvanovo və Ryazan vilayətlərindəki beş hərbi aerodroma zərbələr endirilib.

SBU-nun məlumatına görə, əməliyyat nəticəsində ən azı 41 təyyarə – Tu-160, Tu-22 və Tu-95 bombardmançıları – sıradan çıxarılıb. Ümumi zərərin 7 milyard dollardan çox olduğu bildirilir. Xüsusilə, peyk görüntüləri göstərir ki, "Belaya” aerodromunda 4 Tu-22M3, 3 Tu-95MS məhv edilib, 1 Tu-95MS isə zədələnib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->