Yunanıstanla Türkiyə arasında gərginlik davam edir. Bu günlərdə məsələyə toxunan Türkiyə Prezitenti Rəcəb Tayyib Ərdoğan İstanbulda verdiyi açıqlamada bəyan edib ki, bundan sonra Yunanıstan öz qayğısına qalsın:
"Yunanıstanla bağlı prosesə reaksiyalarımı xüsusi olaraq bildirdim. Qarşımda vicdanlı siyasətçi olmasa, onlarla bir daha görüşməyəcəyimizi, Yüksək Səviyyəli Strateji Şura iclaslarımızı bitirdiyimizi və yüksək səviyyəli görüş keçirməyəcəyimizi söylədik. Bu il təşkil edilməsi lazım gələn iclası keçirmirik. Bundan daha aydın, daha açıq reaksiya ola bilməz. Beləliklə, Yunanıstan bundan sonra öz qayğısına qalsın”.
Görünən odur ki, Afina ilə Ankara arasında davam edən gərginlik uzun çəkəcək. Tərəflər adalar, ərazinin karbohidrogen ehtiyatları və s. məsələlərdə aralarında olan mövcud fikir ayrılıqlarını yumşaltmaq əvəzinə, daha kəskin, sərt ritorika ilə danışmağa keçiblər. Bir sözlə, proses, xüsusən də Ərdoğanın son açıqlaması tərəflər arasında hələ xeyli müddət hər hansı bir əlaqənin olmayacağını söyləməyə əsas verir.
Məsələni Qaynarinfo-ya şərh edən ekspert Kənan Rövşənoğlu bildirir ki, Türkiyə-Yunanıstan münasibətlərinin bu şəkildə olmasını bir sıra obyektiv və subyektiv səbəbləri var:
"Türkiyə prezidenti artıq Yunanıstanla məsləhətləşmələrdə iştirak etməyəcəklərini bildirib. Əslində, bu müzakirələr formal xarakter daşıyırdı və real olaraq münasibətlərə təsir etmirdi. Hətta qarşılıqlı səfərlər belə zaman-zaman gərginliklərlə müşayiət olurdu. Türkiyə-Yunanıstan münasibətlərinin bu şəkildə olmasını bir sıra obyektiv və subyektiv səbəblər var. Obyektiv səbəb məlumdur, iki ölkənin xoş olmayan tarixi yaddaşı var. Üstəlik, ərazi bölgüsü, sərhədlər, xüsusən də Egey dənizində adaların bölüşdürülməsi hər iki ölkədə narazılıq mənbəyi olaraq qalmaqdadır. Hər iki ölkədə millətçi qüvvələr bu mövzulardan istifadə edir. Son illərdə Aralıq dənizində neft və qaz yataqlarının kəşfi iki ölkə münasibətlərinə daha da pis təsir edir. Çünki yataqlar və enerji nəqli yenidən mübahisə yaratdı. Kipr mövzusu isə ümumiyyətlə, həll olunmayıb və yaxın perspektivdə də həlli mümkün deyil”.
Nəhayət, son illərdə Türkiyənin regional siyasətdə hücumçu mövqeyə keçməsi də həmsöhbətimizə görə, xarici siyasətdə yenidən həssas nöqtələri qıcıqlandırmağa başladıb:
"Yunanıstan Türkiyə ilə hərbi və iqtisadi olaraq bərabər göstəricilərə malik deyil, amma məsələ ondadır ki, Avropa və ABŞ indi Afinaya güclü dəstək verir. Düşünürəm ki, bu bir qədər Ankaranı təsir altında saxlamaq, necə deyərlər, başını özünə qarışdırmaq məqsədi daşıyır. Rəsmi Ankara da bunu bildiyi üçün mövzunun üzərinə daha çox gedir. Bu cür seçkiqabağı gərginlik Ərdoğan hakimiyyəti üçün də əlverişlidir”.
Rüfət Sultan