Xəbər lenti

Afrika uğrunda qanlı savaş: Rusiya qitəni ələ keçirmək istəyir (ŞƏRH)
Dünya07:19 01.08.2023

Afrika uğrunda qanlı savaş: Rusiya qitəni ələ keçirmək istəyir (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya Afrika qitəsində uğur qazana bilməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə son zamanlar Afrika qitəsinə nəzarət uğrunda Qərblə Rusiya arasında kəskinləşən mübarizəni şərh edərkən deyib. 
Politoloq qeyd edib ki, Afrika uğrunda Rusiya ilə Qərb arasında mübarizə gedir:
"Bu həmişə belə olub. İmperalist dövlətləri hər zaman Afrikanın zəif, geri qalmış ölkələri və xalqlarının sərvətləri uğrunda mübarizə aparıblar.  İndi də onlar Afrikada uran, almaz, qızıl və başqa faydalı qazıntılar uğrunda mübarizə aparırlar. Rusiya da prosesə qoşularaq, Afrika xalqlarının sərvətlərini talamaq yolunu tutub.
Görünür, öz sərvətləri Rusiyaya kifayət etmir. Hamısını artıq öz aralarında bölüşdürüb qurtarıblar. Ona görə də Moskva artıq üzünü Afrikaya çevirir. Bu səbəbdən də qitənin bir sıra ölkələrində çevriliş etmək yolunu tutublar. Görünən odur ki, bu qitədə əvvəllər baş vermiş hadisələr yenidən təkrarlanır. İndiki halda bəziləri düşünür ki, Qərb Afrikadan geri çəkilmək məcburiyyətindədir. Amma bu əsla belə deyil. Rusiyanın bəzi Afrika ölkələrində çevriliş edərək, öz əlaltılarını hakimiyyətə gətirməsi heç də Moskvanın qitədə möhkəmlənə biləcəyi anlamına gəlməməlidir. Bu da ondan irəli gəlir ki, Rusiyanın imkanları olduqca aşağıdır. Qərbin imkanları isə genişdir. Qərbin maliyyə mənbələri, silahı daha çoxdur. Unutmayaq ki, dünyanın maliyyə qaynaqlarına Qərb nəzarət edir. Belə olan halda, Rusiyanın qitədə uğur qazanacağını gözləmirəm. Əvvəl-axır Rusiya postsovet məkanında uduzduğu kimi, məğlub olaraq bu qitəni də itirəcək”. 
Qeyd edək ki, son zamanlar Qərblə Rusiya arasında mübarizə Afrika qitəsinə də yayılıb. Bu qitənin bir sıra ölkələrində baş verən çevrilişlər nəticəsində qanuni hakimiyyətlər devrilib. Hansı ki, həmin çevrilişlərdə də Moskvanın maraqlı olduğu bildirilir. Qərb isə hələlik proseslərə seyrçi mövqedən baxmaqda davam edir. 
Rüfət Sultan