Xəbər lenti

Dünya 19:12 16.07.2026

"Ahbap" qalmaqalı böyüyür: Haluk Leventin qardaşı ilə bağlı yeni iddialar (FOTO)

Türkiyədə "Ahbap" Dərnəyinə qarşı aparılan istintaq çərçivəsində müğənni Haluk Levent də daxil olmaqla 14 nəfər həbs edilib. İstintaq zamanı dərnəyə edilən ianələrdən 125 milyon 765 min lirənin Haluk Leventin qardaşı Berkant Acil və onunla əlaqəli şəxslərin hesablarına köçürüldüyü iddia olunur.

Qaynarinfo "Haberler"ə istinadən xəbər verir ki, istintaq İstanbul Respublika Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətləri Bürosu tərəfindən aparılır.

Məlumata görə, istintaq çərçivəsində İstanbul, İzmir, Kocaeli və Muğlada keçirilən əməliyyatlarda 17 şübhəlidən 14-ü saxlanılıb. Berkant Acilin də aralarında olduğu 3 nəfərin artıq həbsdə olduğu, 4 şirkətə isə qəyyum təyin edildiyi bildirilib.
 


İstintaq materiallarında qeyd olunur ki, hazırda Şilə Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində də həbsdə olan Berkant Acil 35-ci Beynəlxalq Şilə Bezi Festivalının təşkilini "Sur Müzik Yapım" şirkətindən formal vasitə kimi istifadə etməklə birbaşa satınalma üsulu ilə əldə edib.

İddialara görə, səhnə, işıq və səs avadanlıqları ilə bağlı xərclər saxta fakturalarla şişirdilib. Maliyyə ekspertizasının rəyində bu yolla qanunsuz vəsait əldə edildiyi göstərilir.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, "Ahbap" Dərnəyinə edilən ianələrin bir hissəsi əvvəlcə Haluk Leventin köməkçisi Yeliz Kayanın şəxsi bank hesabına köçürülüb. Daha sonra isə 125 milyon 765 min lirə Berkant Acil, onunla əlaqəli şəxslər və şirkətlərin hesablarına yönləndirilib. İstintaq orqanlarının qənaətinə görə, ianə vəsaitləri təyinatı üzrə istifadə edilməyərək qanunsuz gəlir əldə olunub.

Qeyd edək ki, Türkiyə mətbuatında Haluk Leventin həbsxanaya aparıldığı anlara aid görüntülər də yayılıb. Kadrlarda onun qandallı olduğu görünür.
 
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->