Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə Avropa Şurasının keçmiş rəhbəri Şarl Mişel arasında yenidən açıq münaqişə yaranıb.
Qaynarinfo "Politico"ya istinadən xəbər verir ki, buna Ursula fon der Lyayenin Türkiyənin Aİ üçün geostrateji təhlükə yaratdığı barədə bəyanatı səbəb olub.
O, Almaniyada çıxışı zamanı Avropa qitəsinin "tam formalaşdırılmasının başa çatdırılmasının" vacibliyini vurğulayaraq bildirib ki, qitə Rusiyanın, Türkiyənin və ya Çinin təsiri altına düşməməlidir. Bu sözlər Ankarada rezonans doğurub. Daha sonra Avropa Komissiyasında açıqlama verilib ki, söhbət Türkiyənin "geosiyasi çəkisi və ambisiyalarından" gedir.
Lakin bu izahat Şarl Mişeli qane etməyib. O, Türkiyəni NATO üzrə əsas müttəfiq, miqrasiya sahəsində mühüm tərəfdaş, enerji dəhlizi və əhəmiyyətli müdafiə aktoru adlandırıb.
"Avropa ikili standartlardan istifadə etməklə və ya reallığı sadələşdirməklə güclənmir", deyə o vurğulayıb.
Nəşr qeyd edir ki, bu qarşılıqlı ittihamlar iki avropalı siyasətçi arasında uzun müddətdir davam edən münaqişənin yeni mərhələsidir. Bu gərginlik daha əvvəl, o cümlədən 2021-ci ildə Türkiyəyə səfərləri zamanı da özünü göstərmişdi.
Aydın
Şərhlər