Xəbər lenti

Aİ-dən Trampın Hindistan və Çinə qarşı rüsum tələbinə sərt cavab
Dünya 16:53 21.09.2025

Aİ-dən Trampın Hindistan və Çinə qarşı rüsum tələbinə sərt cavab

Avropa İttifaqı Hindistan və Çindən idxal olunan mallara rüsumların tətbiqi məsələsində öz qərarlarını verəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "Le Soir" nəşrinə müsahibəsində ABŞ prezidenti Donald Trampın Avropadan 100 faizlik rüsum tələbinə cavab olaraq bildirib.

Fon der Lyayen ABŞ-ın Ukraynada müharibəni dayandırmaq istiqamətindəki səylərini alqışladığını vurğulayıb və xatırladıb ki, Avropa İttifaqı da 19-cu sanksiya paketini açıqlayıb: "Bu paket həm iddialı, həm də əhəmiyyətlidir".

Onun sözlərinə görə, mürəkkəb geosiyasi şəraitdə Avropa İttifaqı ortaq maraqlara əsaslanan tərəfdaşlığı gücləndirmək niyyətindədir.

"Misal üçün, bizim Hindistanla münasibətlərimiz. Bu ölkənin Hind-Sakit okean regionunun təhlükəsizliyinin təminində artan rolunu nəzərə alaraq, Avropa İttifaqı ilə Hindistan arasında daha sıx əməkdaşlıq indi hər zamankindən vacibdir. Məhz buna görə biz yeni strateji gündəliyi elan etdik və onun prioritetlərindən biri qarşılıqlı müdafiə və təhlükəsizliyin möhkəmləndirilməsi olacaq", deyə o bildirib.

Fon der Lyayen əlavə edib ki, Avropa İttifaqı 2025-ci ilin sonunadək Hindistanla yeni azad ticarət sazişi imzalamağı planlaşdırır: "Bu saziş hər iki tərəfin biznesinə fayda gətirəcək, geosiyasi mövqelərimizi möhkəmləndirəcək və məqsədlərimizə çatmağa imkan verəcək".

Xatırladaq ki, avqustun sonunda Donald Tramp Rusiyadan neft idxalına görə Hindistandan gətirilən əksər mallara tətbiq olunan rüsumları 50 faizədək qaldırıb.

Bundan əlavə, o, Avropa İttifaqını Hindistan və Çindən idxal olunan mallara 100 faizlik rüsum tətbiq etməyə çağırıb. Bu addım Rusiyaya təzyiqi artırmaq və Ukraynada müharibəni dayandırmağa məcbur etmək məqsədi daşıyır.

Tramp həmçinin Avropa ölkələrini Rusiyadan neft alışını tamamilə dayandırmağa bir daha çağırıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->