Avropa İttifaqı Rusiyaya qarşı, o cümlədən keçmiş prezident Dmitri Medvedevin oğluna və Vladimir Putinin qohumuna qarşı yeni sanksiyalar paketi hazırlayır.
Qaynarinfo xəbər verir ki, bu barədə The Guardian məlumat
yayıb.
Ümumilikdə, Avropa Komissiyası yeni sanksiya siyahılarına 47 nəfəri əlavə etməyi planlaşdırır. Onların arasında adı və doğum tarixi Rusiya Federasiyasının eks-prezidentinin yeganə oğlunun adı və doğum tarixi ilə üst-üstə düşən İlya Medvedev də var. Həmin şəxs Ukraynada dezinformasiya və təbliğat kampaniyası təşkil etməkdə ittiham olunur. Bundan əlavə, The Guardian-da qeyd edildiyi kimi, siyahıda Putinin yaxın qohumu Anna Tsivileva da var. O, Ukraynadakı müharibədə iştirak edən rusiyalılara dəstək verən "Vətən müdafiəçiləri fondu”na rəhbərlik edir.
Jurnalistlərin qeyd etdiyi kimi, məmurların qohumlarının sanksiya siyahısına salınması Kremldə qəzəb yarada bilər.
Xatırladaq ki, noyabrın 15-də Avropa İttifaqının diplomatiya rəhbəri Cosep Borrell və Avropa Komissiyası Aİ-yə üzv dövlətlərə Rusiyaya qarşı 12-ci sanksiyalar paketi ilə bağlı təkliflər təqdim ediblər.
Sənəd Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasında roluna görə Rusiya Federasiyasının daha 120 fiziki və hüquqi şəxsinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Təklifdə həmçinin Rusiyanın idxal və ixracına yeni qadağalar, Aİ-nin sanksiyalarından yayınma ilə mübarizə və neftin qiymətinin yuxarı həddi ilə bağlı daha böyük məhdudiyyətlərdən bəhs edilir.
Nizami Bağırov