Xəbər lenti

Aİ ölkələri Ukraynaya sülhməramlıların NATO bayrağı altında göndərilməsini istisna edir
Dünya 13:53 20.12.2024

Aİ ölkələri Ukraynaya sülhməramlıların NATO bayrağı altında göndərilməsini istisna edir

Avropa ölkələri atəşkəs olacağı təqdirdə Ukraynaya qoşun yeritməyə hazırlaşır, lakin onlar sülhməramlı qüvvələri NATO bayrağı altında birləşdirməyəcəklər. 

Qaynarinfo xəbər verir ki, bu barədə müzakirə iştirakçıları "Washington Post” qəzetinə bildiriblər.

Onlar deyirlər ki, NATO-nun missiyası bütün alyans üzvlərinin razılığını tələb edir və Rusiyanı təxribata çəkə bilər. Kreml bundan əvvəl hərbi blokun kontingentinin Ukrayna ərazisində peyda olacağı təqdirdə onunla münaqişənin qaçılmaz olacağını bəyan edib.

Qoşunların göndərilməsi ilə bağlı danışıqlar ilkin mərhələdədir, ən azı ona görə ki, hazırda döyüşlərin dayandırılması uzaq perspektiv kimi görünür. Lakin WP-nin həmsöhbətlərinin qeyd etdiyi kimi, Rusiyanın yenidən hərbi əməliyyatlara başlamasının qarşısını almaq üçün Ukraynada Avropa qoşunlarına "çəkindirici vasitə” kimi ehtiyac olacaq. Bəzi Avropa liderləri Ukrayna NATO-ya üzv olana qədər ona təhlükəsizlik zəmanəti vermək variantlarından biri kimi sülhməramlıların mümkün yerləşdirilməsini nəzərdən keçirir.

"Hazırda biz ukraynalılar üçün hansı variantın daha məqbul olacağını ucadan düşünməyə çalışmaqdan danışırıq”, - deyə Xarici Əlaqələr üzrə Avropa Şurasının üzvü və NATO baş katibinin keçmiş köməkçisi Kamil Qrand WPo-ya bildirib. Onun sözlərinə görə, atəşkəsdən sonra Ukraynadakı sülhməramlılar haqqında razılaşma "ruslara münaqişəni bərpa etməməli olduqlarını, amerikalılara isə avropalıların öz canları ilə riskə getdiyini" göstərəcək. 

Avropa rəsmiləri hesab edir ki, Ukraynada "on minlərlə” hərbçi yerləşdirilməlidir. Xüsusilə, Reuters yazıb ki, söhbət 40-100 min sülhməramlıdan gedə bilər.

Bununla belə, Amerika qoşunları bu rəqəmə daxil edilməyəcək, WP qeyd edir. Nəşrin mənbələrinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada avropalı sülhməramlıların yerləşdirilməsi ideyasına maraq göstərib, lakin ABŞ-ın yeni administrasiyasının respublikaçıların andiçməsindən sonra bunu dəstəkləyib-dəstəkləməyəcəyi hələ məlum deyil.

Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl bu təşəbbüsü dəstəklədiyini, lakin NATO üzvlüyünü ölkə üçün təhlükəsizliyin ən yaxşı təminatı hesab etdiyini bildirib. Kreml Avropa sülhməramlılarının Ukraynaya yerləşdirilməsi ideyasına isti yanaşıb, lakin sülh danışıqları zamanı bunun müzakirə edilməsini təklif edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->