Avropa İttifaqı Rusiya qazının Ukrayna üzərindən Avropaya tranziti ilə bağlı ilin sonunda başa çatacaq sazişin uzadılmasına ehtiyac görmür.
Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bunu enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson
deyib.
Onun sözlərinə görə, Aİ-nin təhlili göstərir ki, qaz tranzit marşrutunun xidmət etdiyi ölkələr, o cümlədən Avstriya, İtaliya və Slovakiya alternativ tədarük mənbələri əldə edə biləcəklər.
"Biz bu ilin sonunda başa çatan Rusiya ilə üçtərəfli qaz tranziti sazişinin uzadılmasında maraqlı deyilik”, - Simson Aİ parlament komitəsinin iclasında deyib.
O qeyd edib ki, "qazının bir hissəsini hələ də Ukrayna marşrutu ilə alan bu ölkələrə tədarük üçün alternativ həll yolları var”.
Qeyd edək ki, Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal edib Avropaya qaz tədarükünü kəsdikdən sonra Avropa Rusiya qazına asılılıqdan demək olar ki, azad olub.
S&P Global Commodity Insights-ın məlumatına görə, Avropa Ukrayna vasitəsilə ildə təxminən 12 milyard kubmetr qaz alır. Müharibədən əvvəl Rusiya Avropaya ildə 155 milyard kubmetr qaz verirdi.
Analitiklər bildirlər ki, Ukrayna ilə tranzit sazişinin sona çatması Avropanın qaz qiymətlərinin bir qədər də artmasına səbəb ola bilər, lakin Avropanın ümumi enerji təhlükəsizliyinə xələl gətirməyəcək.
Aİ ölkələri Moskvadan gələn tədarükləri əvəz etmək üçün mayeləşdirilmiş təbii qaza (LNG) və bərpa olunan enerjiyə böyük sərmayə qoyublar. Qaza tələbatın kəskin azalması da kömək edib.
2019-cu ildə Moskva və Kiyev arasında imzalanmış 5 illik tranzit sazişinə əsasən, Rusiya Ukrayna vasitəsilə Avropaya qaz ixrac edir və boru kəməri şəbəkəsindən istifadə haqqını ödəyir.
Ukrayna dəfələrlə bəyan edib ki, Rusiya ilə müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlara getməyəcək.
Eyni zamanda, Kiyev istisna etmir ki, Aİ ölkələrinin şirkətləri Rusiya qazı üçün Ukrayna qaz nəqli sisteminin tranzit imkanlarını sifariş edə biləcəklər.
Nizami Bağırov