ABŞ və Aİ-nin yüksək səviyyəli rəsmiləri Azərbaycanın öz ərazisinə nəzarəti bərpa məqsədilə ildırım sürətli hərbi əməliyyata başlamasından bir neçə gün əvvəl Türkiyədə Qarabağla bağlı gizli fövqəladə danışıqlarda Rusiya nümayəndələri ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” öz mənbələrinə istinadən
yazır.
Müzakirələrlə tanış olan yüksək səviyyəli diplomat nəşrə bildirib ki, görüş sentyabrın 17-də İstanbulda Dağlıq Qarabağa aparan Laçın dəhlizinin doqquz aylıq "blokadasına” (dırnaq işarəsi redaksiyadan) son qoymaq və Ermənistandan humanitar yardım karvanlarına icazə vermək üçün Azərbaycana təzyiq göstərmək səyləri çərçivəsində baş tutub.
Həmsöhbətin sözlərinə görə, görüşdə tanınmamış respublikanın "100 minə yaxın” əhalisini ərzaq və yanacaqla necə təmin etmək müzakirə olunub.
ABŞ-ı Vaşinqtonun Qafqazda danışıqlar üzrə baş məsləhətçi Lui Bono təmsil edib. Aİ regiona öz nümayəndəsi Toyvo Klaarı göndərib. Rusiya tərəfi görüşə Rusiya prezidentinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi göndərib.
Nəşrə verdiyi açıqlamada Aİ nümayəndəsi izah edib ki, "biz anlaşılmazlıqların qarşısını almaq üçün müvafiq həmsöhbətlərlə əlaqə kanallarını saxlamağın vacib olduğuna inanırıq”.
O, həmçinin qeyd edib ki, Klaar ötən illər ərzində bir çox cəbhələrdə, o cümlədən Xovayev və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə danışıqlarda rabitə kanallarını açıq saxlamağa çalışıb.
ABŞ Dövlət Departamentinin sözçüsü görüşlə bağlı şərh verməkdən imtina edərək, yalnız "biz özəl diplomatik müzakirələri şərh etmirik” deyib.
Adının çəkilməsini istəməyən amerikalı məmur danışıqların Kremlin hələ də bölgədə nüfuz etdiyi anlayışı əsasında aparıldığını açıqlayıb.
"Biz bu məsələdə ruslarla işləyə bilməliyik, çünki onların tərəflərə təsiri var, xüsusən də hazırda qeyri-sabit vəziyyətdə olduğumuz halda”, - ABŞ rəsmisi bildirib.
Nizami Bağırov