
17 yaşadək futbolçulardan (U-17) ibarət Azərbaycan və Ukrayna yığmaları arasında bu gün keçirilmiş yoldaşlıq oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib.
Qaynar.info hər 2 məşqçinin fikirlərini diqqətinizə çatdırır.
Aleksandr Petrakov (Ukrayna yığmasının baş məşqçisi): “Maraqlı oyun oldu. Bu komanda ilə ötən ilin avqustunda da 2 yoldaşlıq oyunu keçirmişdik və hər 2 qarşılaşma heç-heçə başa çatmışdı. Ümumiyyətlə, Təbriz Həsənovun rəhbərliyi ilə bu yaş qrupunda çıxış edən Azərbaycan yığmasına qarşı indiyə qədər 4 oyun keçirmişdik və heç birində qalib müəyyənləşməmişdi. Bu gün ilk qələbəmizi qazandıq. Bununla belə, tam üstünlüyümüzün olduğunu düşünmürəm. Sona yaxın rəqib bir neçə səhvə yol verdi və biz bundan yararlana bildik. Futbolçularım daha çox oyun praktikası sarıdan əziyyət çəkir”.
Təbriz Həsənov (Azərbaycan yığmasının baş məşqçisi): “Birinci hissədə pis oynamadıq. Amma fasilədən sonra eyni tempdə davam edə bilmədik. Bunun səbəbi müəyyən qədər yorğunluq olmasıdır. Bir neçə gün əvvəl Rusiya yığması ilə 2 yoldaşlıq oyunu keçirmişik. Oyunun gedişində müəyyən dəyişikliklər etmək üçün fasilədə əvəzetmələri də sınadıq. Amma bu gün heyətdə olan futbolçuların hamısı eyni səviyyədə deyil. Axtarışlarımız davam edir. Avropa çempionatının başlanmasına təxminən 2 ay vaxt qalır. Çalışacağıq ki, zamandan səmərəli istifadə edək”.
Qeyd edək ki, Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşan U-17 millimiz 0:2 hesabı ilə məğlub olub. Həmin oyunun icmalını təqdim edirik.
Qaynar.info