Xəbər lenti

Alimlər asteroid nümunələrində həyat üçün vacib elementlər tapdı: Bəşəriyyət necə yaranıb?
Dünya 21:05 30.01.2025

Alimlər asteroid nümunələrində həyat üçün vacib elementlər tapdı: Bəşəriyyət necə yaranıb?

NASA tərəfindən asteroid Bennudan gətirilən nümunələrdə həyatın yaranması üçün vacib elementlər və qədim su dünyasının izləri tapılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" nəşri alimlərin yeni elmi araşdırmasına istinadən məlumat verib. 

Aşkarlanan nümunələr asteroidlərin Yerə çırpılması nəticəsində həyatın meydana gəlməsi nəzəriyyəsini bir qədər də gücləndirir. Tədqiqatlar göstərir ki, bu həyati vacib komponentlər su ilə birlikdə mövcud ola bilərdi.

NASA-nın "Osiris-Rex" kosmik aparatı Yerə 122 qram toz və çınqıl gətirib. 2023-cü ildə Yuta səhrasına endirilən bu konteyner Ay xaricindən gətirilən ən böyük kosmik nümunə hesab olunur.

"Nature" və "Nature Astronomy" elmi jurnallarında dərc edilən araşdırmalarda alimlər Bennudan gətirilmiş az miqdarda qara dənəciklər üzərində təhlillər aparıblar. Bu dənəciklər Günəş sisteminin 4,5 milyard il əvvəlki formalaşma dövrünün qalıqlarıdır. Araşdırmalar nəticəsində onların tərkibində natriumla zəngin minerallar, amin turşuları, ammonyak şəklində azot və hətta genetik kod hissəcikləri aşkarlanıb.

Bundan əlavə, asteroid nümunələrində aşkar olunan bəzi həssas duzlar, Kaliforniyanın Moxave səhrəsindəki və Afrikanın Səhra bölgəsindəki qurumuş göllərdə tapılan duzlarla oxşarlıq təşkil edir.

Tokio Elm İnstitutunun əməkdaşı Yasuhito Sekine qeyd edib ki, bu kəşf yalnız asteroidin səthindən birbaşa toplanan nümunələrin dəqiq şəkildə saxlanılması və təhlil edilməsi sayəsində mümkün olub.

NASA-nın alimi Daniel Qlavin isə tədqiqat zamanı ən böyük sürprizlərdən birinin nümunələrdə aşkarlanan yüksək miqdarda azot və ammonyak olduğunu bildirib. O əlavə edib ki, Bennu asteroidindən götürülən bütün üzvi molekullar əvvəllər meteoritlərdə də aşkarlanıb. Lakin bu konkret molekullar "həqiqi kosmik üzvi maddələrdir" və onların Yerdəki çirklənmə nəticəsində yaranmadığı təsdiqlənib.

Bennu asteroidinin daha böyük bir kosmik cismin parçalanması nəticəsində formalaşdığı düşünülür. Son araşdırmalar göstərir ki, bu ana göy cismi geniş yeraltı göl və ya okean şəbəkəsinə malik olub və zamanla suyun buxarlanması nəticəsində duzlu izlər geridə qalıb.

Hazırda dünyanın 60 laboratoriyasında asteroid nümunələri üzərində analizlər aparılır. NASA-nın missiyasının baş alimi, Arizona Universitetinin professoru Dante Lauretta əlavə tədqiqatların vacib olduğunu vurğulayıb. O qeyd edib ki, Bennudan gətirilən nümunələri daha yaxşı anlamaq üçün əlavə testlər aparılmalı və asteroidlərdən, eləcə də kometlərdən daha çox nümunə toplanmalıdır.

Bəzi alimlər asteroid kəmərində yerləşən və potensial olaraq nəmli mühitə malik olduğu düşünülən Ceres cırtdan planetindən torpaq və daş nümunələri toplamaq üçün yeni bir missiyanın təşkilini təklif edirlər. Bundan əlavə, Yupiterin Europa peyki və Saturnun Enceladus peyki də alimlər üçün xüsusi maraq kəsb edən su dünyaları hesab olunur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->