Xəbər lenti

Alimlər ilk dəfə Yer qabığının yeni hissəsinin formalaşmasını müşahidə etdi
Dünya 23:40 09.07.2026

Alimlər ilk dəfə Yer qabığının yeni hissəsinin formalaşmasını müşahidə etdi

Alimlər ilk dəfə Yerin yeni okean qabığının formalaşması prosesini birbaşa müşahidə edərək sənədləşdiriblər. İndiyədək belə bir hadisənin real vaxt rejimində qeydə alınmasının mümkün olmadığı hesab edilirdi. 

Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Nature” jurnalında dərc olunub.

Kəşf Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin dəniz geofiziki Jan-İv Ruayenin rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən həyata keçirilib.

Yer qabığının böyük hissəsi insanların birbaşa müşahidə edə bilmədiyi okean dərinliklərində, ümumi uzunluğu 65 min kilometrə çatan orta okean silsilələri boyunca formalaşır. Məhz tektonik plitələrin bir-birindən uzaqlaşdığı bu zonalarda maqma okean dibini yararaq səthə çıxır, soyuyur və planetin yeni okean qabığını əmələ gətirir.

2024-cü ilin fevralında tədqiqatçılar Avstraliya ilə Antarktida arasında yerləşən Cənubi Hind okeanı silsiləsində, Amsterdam adası yaxınlığında "OHA-GEODAMS” adlı sualtı müşahidə sistemi quraşdırıblar. Okean dibində çatların yaranmasını izləmək məqsədilə beş müstəqil hidrofon yerləşdirilib.

Jan-İv Ruaye bildirib ki, tədqiqat qrupu belə böyük hadisəni müşahidə edəcəyini gözləmirdi: "Biz yalnız silsilənin bir neçə santimetr genişlənməsini ölçəcəyimizi düşünürdük. Lakin təxminən 40 ildən bir baş verən hadisə ilə qarşılaşdıq və hər iki istiqamətdə bir neçə metrlik yerdəyişməni qeydə aldıq".

2024-cü ilin aprelində, avadanlıq quraşdırıldıqdan cəmi bir neçə ay sonra okean dibi çatlayıb. Alimin sözlərinə görə, 16 gün ərzində silsilənin ox hissəsi təzyiqə tab gətirməyib və onun altında toplanmış maqma okean qabığını yararaq səthə çıxıb.

Nəhəng maqmatik dayklar iki saatdan az müddətdə Yer qabığını keçərək təxminən 150 milyon kubmetr ərimiş süxuru səthə çıxarıb. Bu proses zəlzələlərə səbəb olub, uzun müddət aktiv olmayan qırılma xətlərini yenidən hərəkətə gətirib və silsilənin altındakı maqma rezervuarını boşaldıb. Daha sonra lava okean dibinə axıb və həmin sahə ümumilikdə 4,2 metr çöküb.

Ruayenin sözlərinə görə, silsilənin oxu boyunca yerləşən vadinin dibi sərhəd qırılmaları boyunca sürüşərək 4,2 metr aşağı enib.

Prosesin ən intensiv mərhələsində tektonik plitələr dəqiqədə 5 santimetr sürətlə bir-birindən uzaqlaşıb. Bu, uzunmüddətli orta göstərici olan ildə təxminən 6,3 santimetrlik sürətdən təxminən 500 min dəfə çoxdur.

Alim qeyd edib ki, qeydə alınan 2–4 metrlik üfüqi yerdəyişmə ildə 6,3 santimetrlik sürətlə baş verən 30–60 illik fasiləsiz genişlənməyə bərabərdir və bu cür "kvant" xarakterli hadisələrin dövriliyini göstərir.

Müşahidələr uzun illər alimləri düşündürən mühüm suallardan birinə də aydınlıq gətirib. İndiyədək zəlzələlərin sayı okean dibinin genişlənmə sürətini izah etməyə kifayət etmirdi. Yeni araşdırma göstərib ki, tektonik hərəkətlərin böyük hissəsi güclü seysmik dalğalar yaratmadan, yəni aseysmik şəkildə baş verir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->