Kaliforniya Universitetinin San-Dieqo şəhərciyində fəaliyyət göstərən "Scripps” Okeanoqrafiya İnstitutunun mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu dünya okeanları, göllər, çaylar və sahilyanı sularda oksigen səviyyəsinin sürətlə azaldığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Science Daily” nəşri məlumat yayıb.
Alimlərin sözlərinə görə, suda oksigen səviyyəsinin azalması qlobal istiləşmə, ətraf mühitin çirklənməsi, biomüxtəlifliyin itirilməsi və okeanların turşulaşması ilə sıx əlaqəlidir. Bəzi hallarda bu prosesin nəticələri yüz illərlə davam edə və bir neçə insan nəslinin ömrü ərzində geri dönməz xarakter ala bilər.
Tədqiqatçılar oksigen çatışmazlığının əsas səbəbləri kimi iqlim dəyişikliyi nəticəsində suyun istiləşməsini, kənd təsərrüfatı və məişət tullantıları ilə su hövzələrinə daxil olan qida maddələrinin həddindən artıq artmasını, həmçinin dərin su qatlarının təbii dövranının pozulmasını göstərirlər.
Su ekosistemləri üçün ciddi təhlükə
Araşdırmaya əsasən, oksigen səviyyəsinin azalması Yerin iqlimini tənzimləyən mühüm bioloji və kimyəvi prosesləri pozur. Bu vəziyyət mikroskopik canlılardan başlayaraq balıqlara, köpəkbalıqlarına və dəniz məməlilərinə qədər bütün su ekosistemləri üçün ciddi təhlükə yaradır.
Balinalar, delfinlər və suitilər atmosfer havası ilə nəfəs alsalar da, suda oksigenin azalması onların qida bazasını zəiflədir və təbii yaşayış mühitinə mənfi təsir göstərir.
Deoksigenasiya əsas ekoloji təhlükələr sırasında göstərilir
Tədqiqat müəllifləri hesab edirlər ki, su hövzələrinin deoksigenasiyası rəsmi şəkildə iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və biomüxtəlifliyin itirilməsi ilə yanaşı, planetin əsas ekoloji təhlükələri siyahısına daxil edilməlidir.
Onların fikrincə, bu prosesi digər qlobal dəyişikliklərdən ayrı qiymətləndirmək artıq mümkün deyil. Çünki bütün bu amillər bir-biri ilə sıx əlaqəlidir və qarşılıqlı təsir göstərir.
Aydın
Şərhlər