Tədqiqatçılar ilk dəfə Yupiterin dəqiq yaranma tarixini müəyyən ediblər. Onlar bunun üçün Yerin üzərinə düşmüş meteoritlərdə aşkar edilən ərimiş süxur damcılarını öyrəniblər.
Qaynarinfo "interestingengineering.com”a istinadla yazır ki, Naqoya Universiteti (Yaponiya) və İtaliya Milli Astrofizika İnstitutunun (INAF) apardığı araşdırma göstərib ki, qaz nəhəngi, çox güman ki, Günəş sisteminin yaranmasından 1,8 milyon il sonra, yəni 4,5 milyard il əvvəl formalaşıb.
Sübutlar Yerin səthinə düşən meteoritlərdə tapılan kondrlərin – 0,1–2 millimetr diametrli "ərimiş süxur damcılarının” öyrənilməsi nəticəsində əldə olunub.
Aparılan modelləşdirmə göstərib ki, bu ərimiş süxur damcılarının yaranmasına sürətlə formalaşmaqda olan Yupiterin güclü qravitasiya qüvvələri səbəb olub. Bu qüvvələr asteroid və kometalar kimi tanınan saysız-hesabsız kiçik cisimlərin – planetesimalların orbitlərini pozub. Daş, toz və buzdan ibarət olan bu planetesimallar inanılmaz sürətlə toqquşublar. Toqquşmalar o qədər güclü olub ki, onların tərkibindəki daş və toz dərhal ərimiş vəziyyətə keçib. Zərbənin gücü daha kiçik cisimlərdəki suyu buxarlandıraraq partlayış yaradıb, bu da ərimiş silikatı mikroskopik damcılara parçalayaraq ətrafa səpələyib. Daha sonra damcılar soyuyaraq bərkiyib və asteroidlərə çevriliblər, həmin asteroidlər də nəticədə parçalanaraq Yerə meteoritlər şəklində düşüblər.
Yeni araşdırmada kompüter modelləşdirməsindən istifadə olunub. Burada həm Yupiterin böyümə prosesi, həm də erkən Günəş sistemindəki daş və su ilə zəngin planetesimalların toqquşmaları simulyasiya edilib. Nəticədə alimlər modelləşdirilən bu toqquşmaların vaxtını meteoritlərdə aşkar edilən kondrlərin yaşı ilə müqayisə etməklə Yupiterin yaranma zamanını dəqiq müəyyən edə biliblər.
"Model göstərir ki, kondrlərin yaranması Yupiterin dumanlı qazı intensiv şəkildə udaraq nəhəng ölçülərə çatması ilə üst-üstə düşür. Meteoritlər üzərində aparılan araşdırmalar isə göstərir ki, kondrlərin yaranma zirvəsi Günəş sisteminin yaranmasından 1,8 milyon il sonrasına təsadüf edir. Bu, həm də Yupiterin doğum vaxtıdır”, – deyə tədqiqatın həmmüəllifi və INAF-ın aparıcı elmi işçisi doktor Dieqo Turrini bildirib.
Bundan əvvəl NASA-nın bir alimi Günəş sistemimizdə kosmosda həyatın mövcud ola biləcəyini bəyan etmişdi. Onun sözlərinə görə, o, Ceres adlı cırtdan planetdə yerləşə bilər.
Alpər
Şərhlər