Xəbər lenti

Alimlərdən mühüm kəşf: Sirli yeraltı
Dünya 23:42 01.07.2026

Alimlərdən mühüm kəşf: Sirli yeraltı "külək" ABŞ-dakı supervulkanı qidalandırır

Alimlər ABŞ-da yerləşən Yellouston supervulkanını qidalandıran mexanizmlə bağlı mühüm kəşf etdiklərini bildiriblər. Araşdırmaya görə, vulkanın fəaliyyəti Yer mantiyasında formalaşan və "yeraltı külək" adlandırılan genişmiqyaslı axınla əlaqəli ola bilər.

Qaynarinfo xəbər verir ki, "Indian Defence Review" nəşrinin yazdığına görə, supervulkanlar püskürmə zamanı 1000 kubkilometrdən çox maqma, qaya və kül xaric edərək qitələrin görünüşünü dəyişdirə və qlobal iqlimə ciddi təsir göstərə bilirlər. Bu sistemlərin milyonlarla il ərzində necə aktiv qaldığı isə geologiyanın əsas cavabsız suallarından biri hesab olunurdu.

Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun (IGGCAS) tədqiqatçıları hesab edirlər ki, ən azı Yellouston supervulkanı üçün bu suala cavab tapıblar. Araşdırmanın nəticələri "Science" jurnalında dərc olunub. Tədqiqat Şimali Amerikanın qərb hissəsinin üçölçülü modeli əsasında aparılıb və litosferlə onun altında yerləşən mantiyanın qarşılıqlı hərəkəti simulyasiya edilib.

Uzun illər geologiyada üstünlük təşkil edən nəzəriyyəyə görə, supervulkanlar böyük və uzunömürlü maye maqma kameralarının üzərində yerləşir. Hesab edilirdi ki, bu kameralarda təzyiq tədricən artır və ətraf süxurlar buna tab gətirmədikdə güclü püskürmə baş verir.

Lakin yeni tədqiqat göstərir ki, Yerin dərinliklərində vahid nəhəng maqma kamerası deyil, litosfer boyunca yayılmış qismən ərimiş süxurlardan ibarət geniş "maqmatik sıyıq" sistemi mövcuddur. Bu material maye maqmadan daha özlü və az hərəkətli olsa da, alimlər onun necə belə güclü püskürmələrə səbəb olduğunu araşdırıblar.

Alimlərin fikrincə, Yelloustonu qidalandıran maqma Yer nüvəsinə yaxın dərin mantiya sütunundan deyil, litosferin altında yerləşən isti və yavaş hərəkət edən yuxarı astenosfer qatından gəlir. Bu nəticə uzun illər qəbul edilmiş dərin mantiya sütunu nəzəriyyəsinə alternativ yanaşma təqdim edir.

Tədqiqatçılar bu prosesi "mantiyanın küləyi" adlandırırlar. Onların modelinə görə, isti süxur axını qərbdən şərqə doğru hərəkət edərək astenosfer materialını Yellouston bölgəsinə daşıyır. Bu axının yaranması Şimali Amerikanın altında yerləşən qədim "Farallon" tektonik plitəsinin uzunmüddətli subduksiyası ilə əlaqələndirilir.

Model göstərir ki, isti material şərqdə yerləşən qalın litosfer təbəqəsi ilə qarşılaşdıqda aşağıya doğru istiqamətlənir. Bu proses nəticəsində təzyiq azalır və geologiyada "dekompressiya əriməsi" adlandırılan hadisə baş verir. Bu zaman süxurlar temperatur artdığı üçün deyil, təzyiq azaldığı üçün əriməyə başlayır.

Araşdırmaya görə, "mantiyanın küləyi" yalnız maqmanın yaranmasına deyil, həm də onun Yer səthinə doğru hərəkət etdiyi yeraltı kanalların formalaşmasına kömək edir. Modeldə təsvir edilən cənub-qərbə maili kanal əvvəllər bölgədə aparılmış müstəqil geofiziki tədqiqatların nəticələri ilə də üst-üstə düşür.

Alimlər bildirirlər ki, Yellouston kalderasında son 2,1 milyon il ərzində iki supervulkan püskürməsi baş verib. Əvvəlki tədqiqatlar da burada məhz modelin proqnozlaşdırdığı kimi cənub-qərbə istiqamətlənmiş dərin maqma sisteminin mövcudluğunu göstərib. Tədqiqat müəllifləri hesab edirlər ki, hazırladıqları model indiyədək supervulkanların altındakı iri maqmatik sistemlərin formalaşmasını ən əhatəli şəkildə izah edir və mantiyada baş verən proseslərlə Yer qabığında maqmanın toplanması və püskürməsi arasındakı əlaqəni ortaya qoyur.

Bununla belə, alimlər eyni mexanizmin dünyanın digər supervulkanlarında da işləyib-işləmədiyini müəyyən etmək üçün əlavə araşdırmaların aparılmasının zəruri olduğunu bildirirlər.

Aydın
--> -->