Almaniya Federal kəşfiyyat xidmətinin (BND) Rusiyaya casusluqda şübhəli bilinərək həbs edilən əməkdaşı Karsten L. verdiyi məlumata görə 400 min avro alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” mənbəyə istinadən
yazır.
Həbs edilən BND əməkdaşı üçün nəzərdə tutulan son pul tranşı Münhen hava limanında həbs olunarkən dostu Artur E.-dən götürülüb. Onun üzərində içində 100.000 avro olan zərf olub.
Alman nəşrlərinin hökmdən əvvəl həbs olunanların adlarını açıqlamaq hüququ yoxdur. Digər ölkələrin nəşrləri bu işdə Karsten Linke və Artur Ellerin həbs olunduğunu yazır.
"New York Times” nəşri Linkenin Rusiyaya hansı məlumatı ötürə biləcəyini açıqlamır. Bununla belə, onun geniş məlumat bazasına, o cümlədən internet casusluğu nəticəsində əldə edilmiş məlumatlara, habelə Baltik dənizində Almaniya Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat gəmiləri tərəfindən ötürülən məlumatlara çıxışı olduğu məlumdur. O, həmçinin ABŞ və Britaniya kəşfiyyatının hesabatlarına çıxış əldə edib.
İfşa edilməzdən bir qədər əvvəl BND-nin əməkdaşı şəxsi heyətin təhlükəsizliyinin rəisi vəzifəsinə yüksəldilib. NYT yazır ki, bu, ona şantaj və ya rüşvətxorluğa məruz qalan agentlər haqqında məlumatları Moskvaya ötürməyə imkan verə bilər.
Spiegel-in bir gün əvvəl yazdığı kimi, Karsten Linke vasitəsilə FSB Ukrayna ordusunun artilleriya və zenit mövqelərinin yeri barədə məlumat əldə etməyə çalışıb. Xüsusilə, Rusiya kəşfiyyatı ABŞ-ın tədarük etdiyi HIMARS raket qurğularının və Almaniyanın göndərdiyi İris-T hava hücumundan müdafiə sistemlərinin koordinatlarını öyrənmək istəyib. Bunun üçün Linke, Spiegel-ə görə, "altı rəqəmli məbləğ" alıb. NYT-nin şənbə günü yazdığı 100.000 və 400.000 avro bu təsvirə uyğun gəlir.
BND-də "köstəbək” hadisəsi hekayəsi son onilliklər ərzində Avropada ən böyük casus qalmaqalına çevrilib. Bu, Böyük Britaniya və ABŞ-ın bəzi həssas məlumatların Almaniya ilə paylaşılmasının dayandırmasına səbəb olub.
Karsten Linkenin motivləri hələ tam aydın deyil. NYT-nin məlumatına görə, onun borcu olmayıb, yəni ideoloji səbəblərdən casusluq edə bilərdi. Onun mənzilində ifrat sağçı AfD partiyasının plakatları tapılıb. Bundan əlavə, o, millətçi melodiyalar olan bir YouTube kanalına abunə olub.
Nizami Bağırov